Çernobılın illərdir heç kimin girməyə cəsarət etmədiyi qaranlıq bölgəsində alimləri belə təəccübləndirən müəmmalı bir kəşf edilib. Tərk edilmiş reaktor divarlarında böyüyən tünd rəngli bir göbələyin ölümcül radiasiyaya qarşı göstərdiyi qeyri-adi davranış, hələ də tam izah olunmayan bir sirri üzə çıxarır.
Qaynarinfo xəbər verir ki, radiasiyaya doğru irəliləyən bu canlı, fəlakətdən sonra bölgədə nələrin dəyişdiyinə dair bütün bildiklərimizi yenidən dəyərləndirməyə vadar edir.
Reaktor divarlarındakı sirr: Radiasiyanın izinə düşən 9 göbələk ştammı
1986-cı ildə baş verən və tarixə ən böyük nüvə fəlakəti kimi düşən Çernobil partlayışının üzərindən 39 il keçsə də, elm adamları həyatın ekstremal şəraitdə belə davam etdiyini göstərən diqqətçəkici nəticələr əldə edib.
Reaktorun divarlarında inkişaf edən Cladosporium sphaerospermum adlı tünd rəngli göbələk növünün yalnız ölümcül radiasiyaya dözümlü olmadığı, eyni zamanda radiasiya ilə "qidalandığı” müəyyən edilib.
Bu canlı yüksək enerjili şüalanmanı kimyəvi enerjiyə çevirərək daha sürətli böyüyür. Tədqiqatçılar bu prosesi, günəş işığı ilə fotosintez prosesinə bənzədiyi üçün "radiosintez” adlandırıb.
Son araşdırmalar göstərib ki, Çernobildə incələnən 47 göbələk ştammından yalnız doqquzu bu özəl qabiliyyətə malikdir. Bu ştammları qamma şüalanmasının ən yüksək olduğu sahələrə sarı hərəkət edərək daha sürətli inkişaf edir. Elm dünyası bu davranışı "radiasiya ovçuluğu” kimi təsvir edir.
Bu prosesdə əsas rol oynayan maddə isə bir çox canlıya rəng verən melanin piqmentidir. Cladosporium sphaerospermum göbələyinin tərkibindəki melanin qamma şüalanmasına məruz qaldıqda elektron quruluşunda dəyişiklik yaradır və enerji istehsalını mümkün edir. Beləliklə göbələk yüksək radiasiya altında adətən "enerji yığaraq” həyatını davam etdirir.
Alimlər radiosintezin təbii proses olub-olmadığını araşdırmaq üçün işlərini davam etdirir.
NASA-nın yeni ümidi: Astronavtları qoruyacaq göbələk kərpicləri
Kəşfin yalnız ekoloji deyil, həm də kosmik tədqiqatlar üçün inqilabi nəticələr yarada biləcəyi bildirilir. NASA-da çalışan tədqiqatçılar göbələyin radiasiyanı bloklama qabiliyyətindən istifadə edərək "göbələk kərpicləri” hazırlamağı nəzərdən keçirir.
Bu bioloji tikinti materiallarının əsas məqsədi Ay və Marsda gələcək bazaları kosmik radiasiyadan qorumaqdır.
Kosmosda, xüsusilə Mars səthində kosmik radiasiya insan sağlamlığı üçün olduqca təhlükəlidir. Ənənəvi qurğuşun qalxanlar çox ağır olduğu üçün kosmosa daşınmaları həm bahalı, həm də çətindir. Halbuki Cladosporium sphaerospermum göbələyindən hazırlanan yüngül və özünü yeniləyə bilən bioloji qalxanlar bu problemin həllinə çevrilə bilər.
Beynəlxalq Kosmik Stansiyada aparılan təcrübələr də bu ümidi gücləndirib. Göbələk nümunələrinin kosmik radiasiyaya məruz qaldıqda 21 dəfə daha sürətli böyüdüyü aşkarlanıb. Həmçinin göbələyin radiasiyanı əhəmiyyətli dərəcədə udaraq keçişi azaltdığı müəyyən edilib.
Radiasiyanı tutub zərərsizləşdirir
"PLOS One” jurnalında dərc edilən araşdırmaya görə, Cladosporium sphaerospermum yalnız radiasiyanı bloklamaqla kifayətlənmir, həm də radioaktiv hissəcikləri tutaraq zərərsizləşdirmə qabiliyyətinə malikdir. Bu xüsusiyyət onu həm nüvə tullantısı sahələrində, həm də gələcək kosmik missiyalarda potensial istifadə üçün maraqlı edir.
Kəşf, radioaktiv çirklənmiş bölgələrin təmizlənməsi baxımından da yeni imkanlar açır.
Qaranlıq bölgənin səssiz sakinləri: Mutasiyaya uğramış və xərçəngə davamlı canavarlar
Çernobıl Qadağan Zonası 1986-cı ildən bəri demək olar ki, insansızdır. Radiasiya səbəbindən istifadəyə qapalı bu geniş ərazi indi vəhşi atların, itlərin, quşların və digər heyvanların sakit yaşayış sahəsinə çevrilib. Lakin canlıların radiasiyadan tam təsirlənmədiyi araşdırmalarla sübuta yetirilib.
2014-cü ildə Prinston Universitetindən evrim bioloqu Kara Lav və komandası bölgədəki canavarların radiasiyaya necə uyğunlaşdığını araşdırmaq üçün zonaya daxil olub və heyvanlardan qan nümunələri götürüb.
Canavarların boyunlarına radiasiya dozimetrli GPS yaxalıqları taxılıb və heyvanların hərəkəti ilə radiasiyaya məruz qalma səviyyələri izlənib. Daha sonra qadağan zonasında yaşayan mutasiyaya uğramış canavarların DNT-si bölgə xaricindəki canavarlarla müqayisə edilib.
Nəticədə, zonadakı canavarlarda xərçənglə əlaqəli çoxsaylı genlərdə mutasiyalar olduğu müəyyənləşdirilib. Bu, heyvanların radiasiyaya qarşı qorunmaq üçün təkamül keçirdiklərini göstərir. Alimlər bu kəşf sayəsində insanda xərçəng riskini azalda biləcək mutasiyaları müəyyənləşdirməyi ümid edir.
Rəngi dəyişən qurbağalar elm insanlarını təəccübləndirir
Eyni zamanda bölgədə yaşayan ağac qurbağalarının daha tünd rəngə təkamül etdiyi də müəyyənləşdirilib. Buradakı qurbağalar başqa ərazilərdəki eynitipli qurbağalara nisbətən xeyli tünd rəngdədir. Alimlər bunun radiasiyanın daha yüksək olduğu "isti nöqtələrlə” bağlı olduğunu düşünür.
Yaşıl qurbağaların radiasiya altında sağ qalma şansının az olduğu, buna görə də dərilərinin sürətlə tündləşdiyi təxmin edilir. Mütəxəssislər bu prosesi "sürətli təkamül” adlandırır.
Radiasiyanın ən yüksək olduğu dövrdə daha çox melaninə sahib tünd qurbağaların sağ qalması nəticəsində populyasiya zamanla qara rəngə yaxın tonlara keçib. Pablo Berrakko rəhbərliyindəki tədqiqatçıların araşdırmasına görə, bu təkamül fəlakətin ilk illərində baş verib.
Fəlakətin tarixi arxa planı: Təhlükə 39 il sonra da davam edir
Bölgə 2022-ci ildə Rusiyanın Ukraynanı işğalı zamanı qısa müddətlik rus qüvvələrinin nəzarətində qalsa da, hələ də böyük ölçüdə insansız tampon zona olaraq qalır. İnsan yaşayışına bağlı olmayan bu ərazi radiasiyanın uzunmüddətli təsirlərini araşdırmaq istəyən alimlər üçün dünyanın ən böyük açıq hava laboratoriyalarından birinə çevrilib.
Aydın
Şərhlər