NATO-nun “açıq” qapıları və usanmaq bilməyən gürcülər...

NATO-nun “açıq” qapıları və usanmaq bilməyən gürcülər...

Qonşu Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşməyə meyillidir – siyasi etiraz aksiyaları təzədən intensivləşir, sərt – kəskin bəyanatlar daha çox eşidilir.

Prinsipcə, son illərdə Gürcüstanda siyasi iqlim onsuz da yetərincə qaynar olmuşdu. Ötən il, növbəti paralament seçkilərinin ərəfəsində müxalif qüvvələr hətta "Gürcü arzusu”nun acı bağırsaq kimi uzanmış hakimiyyətinə son qoyacağını düşünürdü, amma ya koronovirus mane oldu, ya da xalq yetərincə dəstək vermədi, hər halda, keçmiç prezident Mixeil Saakaşvilinin siyasi cəbhəsi can atdığı siyasi hədəflərə yetişə bilmədi.

Bəli, ən adi siyasi məntiqə görə, parlament seçkilərindəki məğlubiyyətdən sonra müxalifət növbəti seçkilərə qədər, necə deyərlər, taym-aut götürməli idi, di gəl, bu, baş vermədi, gürcü şəhərlərinin küçə və meydanlarında yenidən müxalifət fəalları, xüsusən də etirazçı gənclər görünməyə başladı. Nə baş verir?
ABŞ-da siyasi hakimiyyət dəyişəndən, daha dəqiq desək, Co Bayden seçkiləri udandan sonra bir çox siyasi təhlilçilər Gürcüstan, Ukrayna və Moldova istiqamətində siyasi vektorların güclənəcəyini proqnozlaşdırmağa başladılar. Məsələn, hətta gücrü analitikləri də belə düşünür ki, hakim gürcü siyasi koalisiyasının "boz kardinalı” əlahəzrət Bidzina İvanişvili məhz buna görə, ABŞ-ın ona qarşı da təzyiqinin güclənəcəyini ehtimal etdiyinə görə bütün siyasi postlardan istefa verdi, çünki yeni ABŞ administrasiyası təkcə Rusiyaya qarşı yox, elə bir sıra rusiyayönümlü rejimlərə qarşı da təzyiqin güclənəcəyini bəyan etmişdi. 

Əlbəttə, hətta indiki gürcü hakimiyyətini belə sözün bütöv mənasında rusiyapərəst adlandırmaq olmaz – yox, "Gürsü arzusu” hakimiyyətə gələndən sonra belə xarici siyasət ciddi şəkldə dəyişmədi, nəinki Rusiya ilə münsibətlər kardinal olaraq təzədən qurulmadı, hətta Aİ və NATO-ya yönəlik inteqrasiyasi siyasəti daha də intensivləşdi. Odur, düşünürük ki, məşhur GUAM üçlüyünün NATO-ya inteqrasiyasının səbəblərini heç də daxili məqamlarla bağlamaq lazım deyil. 

Bəli, Kiyevdə müəyyən tərəddüdlər hələ də qalır, amma ki, Tiflis haqqında bunu demək olmur. Daha düzgün olardı ki, problemi NATO-nun öz siyasətində axtaraq, çünki daha çox ehtimal olunanı budur ki, Alyans hələ də Rusiya ilə birbaşa konfliktlərdən ehtiyat edir. Bu günlərdə NATO rəhbəri Y.Stoltenberq təkrar bəyan etdi ki, Blok qapıları hələ də Gürcüstan, Ukrayna və Moldova üçün açıq saxlayır. Amma bizə elə gəlir ki, o, yenə də, yumşaq şəkildə desək, qeyri-səmimilik edir.

Məsələ hansısa standartlarda deyil, məsələn, hələ Saakaşvili bu istiqamətdə xeyli iş görmüşdü. Bir az əvvəldə qeyd etdiyimiz kimi, səbəbi başqa müstəvidə axtarmaq lazımdır. Birincisi, bu ölkələrin ərazisində hələ də etno-ərazi münaqişələri qalır və sirr deyil ki, onlar Kreml tərəfindən qızışdırılır. Məsələn, gürcülər dəfələrlə bəyan ediblər ki, onlar inteqrasiya proseseinin Abxaziya və Cənubi Osetiya ərazisinə şamil edilməsini heç də israr etmirlər.

İkincisi, NATO ölkələri daha çox öz maraqlarını güdürlər. Onlar Gürcüstanı və Ukraynanı Alyansa üzv etməyə sanki ehtiyat edirlər, gəl, söhbət, məsələn, Qara dənizdən gedəndə onlar nədənsə Rusiyanın mümkün təzyiqlərindən qorxmurlar – bəlli olduğu kimi, Qara dəniz gürcü və ukraynalı siyasətçilərin səyləri nəticəsində son vaxtlarda sözün əsl mənasında NATO-Rusiya dənizinə çevrilib.

Co Bayden öz ölkəsinin NATO siyasətini daha da canlandırmağı düşünür. Gözlənilir ki, NATO-nun siyasəti təkcə Avropa seqmentində yox, həm də bir neçə ildir israrla Alyansın qapısını döyən post-sovet ölkələri istiqamətində də güclənəcəkdir. Alyans liderləri buna hazırdımı? 

Konkret söz demək çətindir. Amma Blok liderləri bilməlidirlər ki, Dünya, xüsusən də gənc dövlətlər qeyri-konkret, irrasional bəyanatlardan, ikili-üçlü standartlardan beziblər. Bu il sovetlərin süqut etməsindən otuz il keçir. Gələn ilsə keçmiş SSRİ-nin yaradılmasının düz yüz ili tamam olur. 

Gənc və müstəqil post-sovet ölkələri bu tarixlərin hansını qeyd edəcəklər? Bizə elə gəlir ki, bu sualın cavabı həm də NATO və Avropa İttifaqı üzvü olan ölkələrin liderlərindən də asılı olacaq...
 
Hüseynbala Səlimov
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR