Dünya 12:51 28.01.2021

Navalnını zəhərləyən FSB işçilərinin yeni qətlləri üzə çıxır (ARAŞDIRMA)

"Bellingcat” və "The Insider” jurnalist Timur Kuaşev, fəal Ruslan Maqomedraqimov və "Yeni Rusiya” hərəkatının lideri Nikita İsaevin cinayətləri ilə bağlı araşdırma yazısı çap edib. 

Qaynarinfo "Dojd”a istinadla xəbər verir ki, araşdırmaçılar, ehtimal ki, müxalif siyasətçi Aleksey Navalnının həyatına qəsd edən FSB zabitlərinin bu cinayətlərdə iştirak edə biləcəyini irəli sürüblər.

İstintaq materiallarına görə, Nalçikdən olan jurnalist və hüquq müdafiəçisi Timur Kuaşevin cəsədi 1 avqust 2014-cü ildə qançırlar və qolunun altında bir şpris izi ilə tapılıb. Ehtimal olunur ki, qatillər adam huşunu itirsin deyə ağzına və burnuna xloroforma batırılmış parça dürtüblər.

Bununla belə, Kuaşevin ölümünün rəsmi səbəbi kəskin koroner çatışmazlıq kimi göstərilib.

Araşdırma müəlliflərinin verdiyi məlumata görə, Nalçikdə qətl günü "Navalnını zəhərləyənlər” Konstantin Kudryavtsev, NII-2 FSB-nin həkimi İvan Osipov və daha iki zabit - Denis Maçikin və Roman Matyuşin olub.

24 mart 2015-ci ildə separatçı "Sadval" "ictimai regional hərəkatı”nın fəalı Ruslan Maqomedraqimovin Kaspiyskdə ölüsü tapılıb. Rəsmi versiyada şiddət izləri tapılmasa da, boğulmadan öldüyü deyilir. Maqomedraqimovun yaxınlarının dediyinə görə, boynunda iynə vurma izlərinə bənzər iki iz tapılıb.

Araşdırmaçılar 2015-ci ilin yanvarında "zəhərləmə həkimi" İvan Osipovun Mahaçqalaya iki dəfə uçduğunu və Kudryavtsevin də qətldən bir həftə əvvəl oraya getdiyini qeyd edib. 20 mart 2015-ci ildə İvan Osipov Kaspiyskdən maşınla dörd saatlıq yolu olan Vladikavkaza təyyarəylə gedib. Araşdırmaya görə, o, qətldən iki gün sonra Moskvaya qayıdıb.

Nikita İsaev 16 noyabr 2019-cu ildə qatarda ölüb. Yol yoldaşının dediyinə görə, adam özünü pis hiss edib və zəhərləndiyini fikirləşib. "Bellingcat” FSB zabitlərinin İsaevi 2018-ci ilin dekabrından izləməyə başladığını hesab edir. Jurnalistlər şəhərlər üzrə yeddi üst-üstə düşmə və İsaevlə zabitlərin səyahət tarixlərini əldə edib. Araşdırmaçılara görə, Aleksey Aleksandrov və İvan Osipov onu zəhərləmək əməliyyatında iştirak edə bilərdi.

Daha əvvəl, xatırladığımız kimi, "The Insider”, "Bellingcat” və CNN tərəfindən "Der Spiegel”in birgə araşdırması nəticəsində müxalif siyasətçi Aleksey Navalnının zəhərlənməsində FSB-nin gizli şöbəsindən səkkiz işçisinin iştirak etdiyi üzə çıxıb.

Araşdırmaçılara görə, söhbət Stanislav Makşakov adına institutun rəhbəri Oleq Tayakin, Aleksey Aleksandrov, İvan Osipov, Konstantin Kudryavtsev, Aleksey Krivoşçekov, Mixail Şvets, Vladimir Panyaevdən gedir.

Rusiya Prezidenti Vladimir Putinin deyib ki, Navalnının başına gələnlərlə bağlı bütün jurnalist araşdırmaları Qərb xüsusi xidmət orqanlarının, yəni ABŞ MKİ-nin sifarişidir. O, araşdırmanı uydurma adlandırıb.
 
Alpər