Ölkə 12:52 27.01.2020

Nazir açıqladı: Məktəblilər üçün avtobuslar təşkil ediləcək

Düşünürəm ki, birgə səylərimiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq.

Qaynarinfo Trend-ə istinadla xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, valideynlərlə keçirilən görüşlərdə məktəblər üçün avtobusların təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb.
Nazir əlavə edib ki, TN bu istiqamətdə Bakı Şəhər Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq etməyə başlayıb:

"Agentlik və Təhsil Nazirliyinin birgə işçi qrupu ilə bu istiqamətdə işlər aparılır. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Düşünürəm ki, birgə səylərimiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq.

Təbii ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".