İşsiz və işaxtaran şəxslərin əmək bazarına daxil olmasını dəstəkləmək üçün işəgötürənlərlə əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi genişləndiriləcək və 2026-cı ildə bu istiqamətdə əmək bazarına mindən artıq iştirakçının proqram çərçivəsində cəlb olunması nəzərdə tutulur.
Qaynarinfo xəbər verir ki bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir qeyd edib ki, işədüzəlmə prosesinin təşkili və əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsi tədbirləri çərçivəsində 2026-cı ildə ölkədə ümumilikdə 180 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur:
"Tələbə və şagirdlərin, habelə onların valideynlərinin, işaxtaran və işsiz şəxslərin təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına, karyera hədəfinin müəyyənləşdirilməsinə dəstək və əmək bazarının gələcək tələblərinə uyğun maarifləndirmə işləri aparmaq məqsədi ilə təşkil olunan peşəyönümü məsləhət xidmətləri ilə əhatə olunacaq şəxslərin sayı növbəti il 230 mindən çox olacaqdır", deyə nazir bildirib.
Qafqaz Rafiqoğlu
Şərhlər