Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, ötən il turizm obyektlərində qiymətlərin təxminən 20 faizə qədər aşağı salınmasına nail olunub, qiymətlər hələ ki müəyyən yerlərdə daha yüksəkdir: "Amma nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycanda hazırda tikilib, istifadəyə verilmiş hotellərin böyük əksəriyyəti lüks hotellərdir və onlar istər-istəməz öz qiymətlərini yüksək tutmalıdırlar. Hazırda cənab Prezidentin göstərdiyi istiqamət Azərbaycanda üçulduzlu hotellərin tikilməsi, orta təbəqənin imkanlarına uyğun olaraq qiymət siyasətinin tətbiq olunmasıdır və son nəticədə hotellərin sayı və onlar arasında rəqabət sözsüz ki, bu qiymətlərin aşağı düşməsinə şərait yaradacaq".
Ə.Qarayev, həmçinin deyib ki, bu ilin altı ayının nəticələri onu göstərir ki, xaricdən Azərbaycana gələn turistlərin sayı 10 faizdən çox artıb: "Eyni zamanda bizim keçirdiyimiz monitorinq onu göstərdi ki, yay mövsümündə bir neçə hoteldə istədiyimiz səviyyədə xidmətlər təqdim olunmayıb, bəzi narazılıqlar, hadisələr olub. Odur ki, Mədəniyyət və Turizm Nazirliyinin İşçı qrupu müvafiq dövlət qurumları ilə işləyir. Yəqin ki, bu ay müddətində bir neçə hotelin lisenziyasının ləğv olunması barədə qərar qəbul olunacaq. Onlara vaxt veriləcək və lisenziyanın alınması üçün müvafiq sənədləri hələ hazırlamayan hotellərin fəaliyyəti məhdudlaşdırılacaq. Artıq biz imkan verməməliyik ki, lisenziya üzərində çalışan təşkilatlar, qurumlar səviyyəsiz xidmətlər təqdim etsinlər".
Qaynar.info
Şərhlər