Aprelin 11-də baştutacaq növbədənkənar prezident seçkilərindən sonra hökumət istefa verəcək. Bəs yeni hökumətdə hansı islahatların aparılmasına ehtiyac var?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin səlahiyyətləri birinci-vitse-prezidentlik institutuna verilə bilər:
"Yəqin ki, prezident seçkilərindən sonra dərin islahatlara ehtiyac duyulacaq. Dünən baş nazir Artur Rəsizadənin Milli Məclisdəki hesabatını izlədim. Doğrusu çıxışın özü də nə qədər inandırıcı idi, bilmərəm. Amma faktiki o çıxışdan da görünürdü ki, Nazirlər Kabinetində köklü islahatlara ehtiyac var. Həmçinin düşünürəm ki, əgər konstitusiyaya dəyişiklikdən sonra "Birinci vitse-prezidentlik institutu təsis olunubsa, ümumiyyətlə Nazirlər Kabinetinə nə ehtiyac var?" sualı getdikcə aktuallaşır. Mümkündür ki, seçkilərdən sonra Nazirlər Kabineti buraxılaraq, səlahiyyətləri birinci vitse-prezidentə keçsin. Onsuz prosesin özü də prezidentin nəzarətindədir. Ona görə Nazirlər Kabinetinin varlığı ilə yoxluğu bilinmir. Bəli, nazirlər var və hər biri də öz fəaliyyəti ilə məşğuldur, amma həmin o nazirlərə baş nazir nəzarət etmir, əsas prezidentdir. Amma prezidentin də işi çoxdur. Həm daxili, həm xarici siyasət, sərəncamlar və s. Mənə elə gəlir ki, bu funksiyaların bəzilərini seçkilərdən sonra birinci vitse-prezidentə təhvil vermək mümkündür".
Elxan Şahinoğlu gənclərə yeni kabinetdə yer verilməsinin də vacibliyini vurğulayaraq, Gürcüstanın bu sahədəki siyasətini nümunə kimi götürməli olduğumuzu diqqətə çatdırıb:
"Gürcüstanda nazirlərin çoxunun 30-35 yaşları var. Bakıda keçirilən dördtərəfli forumda da iştirak edən xarici işlər nazirlərindən ən gənci gürcü nazir idi. Bəlkə heç 35 yaşı da yoxdur. Yəni, bu kadrlar Gürcüstanda irəli çəkilib və islahatlar son dərəcə sürətlənib. Mənə elə gəlir ki, bu nümunədən Azərbaycan da yararlanmalıdır".
Ekspert həmçinin Strateji Yol Xəritəsinin icrasının ləng həyata keçirilməsinin də səbəbinin kadrlarla bağlı olduğunu bildirib:
"Bir müddət əvvəl Strateji Yol Xəritələri müəyyən olunmuşdu. Hətta struktur da müəyyənləşdirilmişdi ki, bunun icrasına nəzarət etsin. Mən onların bir neçə ay öncə verdiyi hesabatla tanış oldum. Orada çox tənqidi istiqamətlər var idi və qeyd olunurdu ki, nazirliklər işləri çox ləng yerinə yetirir. Bunun özü də onu göstərir ki, kadrlar dəyişdirilməlidir ki, hərə öz işini görə bilsin və prezidentin onların qarşısında qoyduğu vəzifələri, yəni strateji yol xəritəsində göstərilən bəndləri yerinə yetirə bilsinlər".
Çingiz Səfərli
Şərhlər