Ünvanlı dövlət sosial yardımı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı 25 faiz azalıb. Bu il aprel ayının 1-də 139 573 ailə ünvanlı dövlət sosial yardımı alıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynar.info-ya verilən məlumata görə, cari ilin 1 aprel tarixinə olan məlumata əsasən, respublikamızda 612 114 nəfər ailə üzvünü əhatə edən 139 573 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Onlardan 39143-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.
Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 6613 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 293 213 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6618 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı 33 843 nəfər, işləyən ailə üzvlərinin sayı isə 35 567 nəfərdir. Yardım təyin olunan ailələrin 1852-si tərkibində müharibə əlili olan ailələr, 365-i şəhid ailələri, 12583-ü isə məcburi köçkün ailələridir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 128,07 manat manat təşkil edir.
Nazirliyin fəaliyyət sahələrində şəffaflığın təmin olunması və müasir tələblərə uyğun iş mexanizmlərinin qurulması istiqamətində həyata keçirilən tədbirlərdən biri də ünvanlı dövlət sosial yardımı sahəsində mövcud olmuş ciddi nöqsanların aradan qaldırılması və ünvanlı yardımların təyinatı prosesinin şəffaflaşdırılması olub. Yardımların təyinatı prosesinə məsul olan, o cümlədən bu prosesdə vətəndaşlarla birbaşa ünsiyyətdə olan kadr korpusunun sağlam mənəviyyatlı, layiqli şəxslərdən təşkil olunması işləri aparılmış, eyni zamanda, yardım alanların siyahıları həm nazirliyin saytında, həm də Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binalarındakı müvafiq lövhələrdə cəmiyyətə açıqlanmışdır. Bunun nəticəsidir ki, bu ilin birinici rübündə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə Nazirliyin 142- “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz azalıb.
Şərhlər