Xəbər lenti

Nazirliyin meşəçi-mühəndisi:
Ölkə 17:04 20.11.2019

Nazirliyin meşəçi-mühəndisi: "Şəki və Qaxda heç bir ağac kəsintisi faktı olmayıb"

Sosial şəbəkələrdə Şəki və Qax bölgəsində meşə ərazilərində ağacların qırıldığı iddia olunur. "Report" məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, uzun müddət meşəbərpa sahəsində təcrübəsi olan meşəçi-mühəndis Rəhim İbrahimova müraciət edib. 

R.İbrahimovla müsahibəni təqdim edirik:

- Rəhim müəllim, yayılan məlumatlar barədə nə deyə bilərsiniz? 
- Aqrobağların salınması üçün açıq meşə fondu torpaqlarının icarəyə verilməsində məqsəd istifadəsiz və yararsız qalmış torpaqların potensialından səmərəli istifadə etmək və meşə ilə örtülü əraziləri artırmaqdır. Bəllidir ki, Azərbaycan ərazisinin 14 faizi meşə fondu torpaqlarıdır. 11 faizi meşə örtüyü ilə əhatə olunub. Yerdə qalan 3 faizi isə meşəsiz sahələrdir. Həmin sahələr də illərlə boş qaldığından orada kol bitkiləri, quru ot örtükləri əmələ gəlib. Kol bitkilərindən də heç vaxt ağac olmur. Kol bitkiləri yazda inkişaf dövrünü keçirir, havaların quraq keçdiyi yay mövsümündə quruyaraq yanğın təhlükəsi yaradır. İllərdir ki, həmin ərazilər istifadəsiz qalıb. Kimsə özünü təbiətə can yandıran kimi göstərmək istəyir, yaxud da bilərəkdən ictimaiyyəti çaşdıran çıxışlarla görülən işləri, bütün qayda və qanunlar çərçivəsində həyata keçirilən tədbirləri və meşə fondundan, ağac olmayan sahələrdən səmərəli istifafə edilməsi üçün planlı fəaliyyəti qaralamaq istəyir. Bunu edənlərin əsl məqsədini deyə bilmərəm, amma onu bilirəm ki, əbəs yerə, heç bir əsas olmadan əhalini çaşdırmasınlar, məqsəd meşə ilə örtülü sahələri artırmaq, mövcud potensialdan insanlara səmərə verə biləcək tərzdə yararlanmaqdır.



Ölkədə nəzərəçarpacaq dərəcədə yaşıllaşdırma işləri aparan, hər kəsin ağac əkməsi üçün payız-yaz mövsümündə tinglər paylayan, yanmış ərazilərdə meşəbərpa tədbirləri aparan bir qurum necə olur ki, indi icarəyə verilən sahələrdə görülən işlərin mahiyyətinə varmır? Yəni bütün işlər planlı, qanunauyğun şəkildə həyata keçirilir. Ona görə də bu sosial şəbəkədə yayılan məlumatlar absurddur. Yenə də təkrarlayıram, məqsəd süni ajiotaj yaratmaq, yalnız görülən səmərəli işlərə mane olmaqdır. Aqrobağlar həmin ərazinin kol-kosdan təmizlənərək damcılı suvarma sistemi ilə təhciz edilməsi, dünya standartlarına cavab verən müasir və əhəmiyyətli meşə örtüyü, yaşıllıq sahələri deməkdir.

- Meşə ilə örtülü olmayan sahələrin icarəyə verilməsi qanunvericilikdə nəzərdə tutulubmu?
- Əlbəttə. Bu, 2017-ci ildə Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən tam qanunamüvafiqdir və dövlət büdcəsindən aqrobağların salınması üçün vəsait xərclənmir. Həmin ərazilər fermerə, hansısa sahibkara verilir. Nazirliyin də əsas hədəfi odur ki, təbiətimiz naminə, yerli ekosistemlərin daha da zənginləşdirilməsi ilə səmərəliliyin artırılması naminə sahibkarlar istifadəsiz qalmış həmin ərazilərə yatırımlar etsin, məhsul götürsün, həm ərazi yaşıllaşsın, meşə örtüyü əmələ gəlsin, həm də yerlərdə insanların məşğulluğuna kömək göstərilsin. Bunun nəyi pisdir? Bu hansı balansı pozur?

- Sosial şəbəkələrdə həmin ərazilərdə kəsilmiş ağac kötüklərinin fotoları paylaşılır. Bunlar nədir, qurumuş ağaclar, yoxsa, həqiqətən də, orada kütləvi ağac kəsimi var?
- Qeyd edim ki, Şəki və Qaxda heç bir ağac kəsintisi faktı olmayıb. Ərazi dediyim kimi kol-kosdan təmizlənir və bəzi yerlərdə illərlə quruyub qalmış tək-tək ağaclar və kötüklər ərazidən çıxarılır. Nazirlik icarəyə verilən yerlərdə nə əkinçiliklə, nə də satışla məşğul olur. Sadəcə, Nazirliyin tabeliyində olan ağac olmayan sahələr meşə örtüyünün artırılması məqsədilə icarəyə verilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->