Hüseynbala Səlimov
Ölkə 12:29 12.08.2019

Nə külək yaraşır, nə yağış, nə də qar...

Hüseynbala Səlimov

Əslində bu yağış lap yerinəcə düşdü – torpaq da qurumuşdu, dodaqlarımız da. Kişi, adam gündə nə qədər su içər?.. 

Amma biz yalnız özümüzə məxsus olan bəzi orijinallıqlarsız keçinə bilmirik. Yağış bizim bahalı küçələrimizdə əməlli-başlı sel yaratdı. Ona görə "bahalı” deyirəm ki, bizdə hər şey başqa yerlərdəkindən on qat baha qiymətə başa gəlir. 

Selə gəldikdə isə, belə məlum oldu ki, yağış da "normadan artıq yağıbdır”. Qərəz, yenə də köhnə söhbət: Bakıya güclü yağış da yaraşmır. Bilmək olmur ki, axı bizim Bakımızın yolları, şəhərin özü hansı normaya hesablanıbdır?..

Bəli, yağış yağır, yolları sel bürüyür, qar yağır, şəhərdə həyat, ümumiyyətlə, iflic olur. 

Nəhayət, külək əsir, evlərin damları uçur, şəhərdə tikinti şirkətlərinin əlindən birtəhər bu günə gəlin çıxan ağaclar qırılır...

Rusların bir məşhur mahnısında belə sözlər var ki, təbiətdə pis hava olmur. Əslində həqiqətən də belədir – külək də gözəldir, yağış da, hətta qar da! 

Pis yollar, pis kanalizasiya sistemləri, pis tikililər və bir də əlbəttə ki, pis məmurlar – şəhər idarəçiləri olur...

Mən yağışı da sevirəm, qarı da. Amm son vaxtlar küləklər, bəli, Bakımızın küləkləri məndə müəyyən assosiasiyalar yaradır. Bilirsiniz, elə bil Bakının ağacları da adamları kimi kövrək olublar, toxunmamış sınırlar – bəli, küləkli Bakının ağacları daha küləklərə tab gətirmirlər. 

Bircə fərq var ki, ağaclar göz qabağında, necə deyərlər, aşkarda sınırlar, adamlar isə içəridən, gizlin – gizlin.

Sınan ağaclar qədimidir, on illərlə, bəlkə də bundan da çox Bakının tarixinə şahidlik edən, onunla birlikdə soyuğu- şaxtanı, qızmar yayı və çiskinli yazı-payızı yaşayan köhnə ağaclardır. 
Elə adamların sınanları da, necə deyərlər, köhnə kişilərdir, hansılar ki, bu şəhərə, onun tarixinə, yaşadığı çətinliklərə, əcaib metamorfozlarına tab gətirməyən kişilərdir. 

Amma ki, qədimi ağacların qürubu və onların hətta orta şiddətli küləklərə belə davam gətirməməsi mən bəndənizdə başqa assosiasiyalar da yaradır. 

Hərdən ağlıma gəlir ki, köhnəlik, qədimilik daha duruş gətirə bilmir, yavaş-yavaş çökür və əslində biz bu illər ərzində qədimi ağaclardan on dəfələrlə artıq yeni, cavan ağaclar əkməli idik, amma əkməmişik, necə ki, ictimai həyatımızda və siyasətimizdə yenilik etməmişik, "dədə-baba qaydaları”ndan bərk-bərk yapışıb durmuşuq. 

Hələ bir batman başlarımızı bulayıb, çatma qaşlarımızı çatıb təəccüblənirik də ki, axı niyə dünyanın başqa xalqları bizə birtəhər baxır, axı biz "tolerant, multikultural ölkəyik”, bizimlə birgə yaşayan digər xalqları nəinki yemir, hətta özümüzünkülərlə onlar arasında hansısa fərq qoymuruq.

Bəli, bir rəiyyət kimi öz soydaşlarımıza hansı münasibəti bəsləyiriksə, onlarla da elə davranırıq – gah başlarını sığallayırıq, gah da qapazlayırıq, özümüzünkülər üçün nəzərdə tutduğumuz cürbəcür yasaqları –qadağaları nöqtə -vergülünə dəymədən onlara da şamil edirik, özümüzünkülər kimi onların da yalnız və yalnız tərifləmək, şükranlıq etmək haqqı var, özümüzünkülər kimi onların da yalnız seçki məntəqələrinə gəlib qutuya kağız salmaq hüququ var, qalanısa artıq başbilənlərimizin vəzifəsidir – qutudan kimin adının çıxacağını yalnız onlar bilir və müəyyən edirlər...

Amma belə görünür ki, bu ölkənin təkcə köhnə-qədimi ağacları deyil, köhnə qaydaları da daha duruş gətirə bilmir: ağacları təbiətin, qaydaları isə zamanın küləkləri sındırır. 
Amma biz bunları görmürük, daha doğrusu, görmək istəmirik, sınmış ağacları doğramaq, budamaq üçün bitkiçik idarəsinin əli mişarlı işçilərini göndərdiyimiz kimi, sınan köhnə qaydaları da qorumaq üçün insanların üstünə əli zopalı polisləri göndəririk.

Mən elə də pessimist adam deyiləm. Amma ki, bizim hakimiyyət mənsublu ekspertlərimiz məni bağışlasın, mən onların dediyi böyük, fövqəl yenilikləri bu şəhərdə, ümumiyyətlə, bu ölkədə tapa bilmirəm. Ötən əsrdə, xüsusən ondan bir əsr əvvəl də Bakı pullu-paralı şəhər olub, amma gəlin qaragül papaqlarımızı qabağımıza qoyub bir suala cavab verməyə çalışaq: Nəyin hesabına? Bəli, nəyin hesabına? 

Əziyyət çəkib alnınızı qırışdırmayın, nahaq yerə çatma qaşlarınızı düyünləməyin, əslində cavab çox sadədir: yalnız neftimizin hesabına!..

Bəli, iki əsr bundan əvvəl də Bakı "qara qızıl”ın hesabına milyonlar səltəni idi, bu gün də belə səltənətdir, bircə fərqlə ki, o vaxtlar milyonçu əhli əsasən bəxti gətirib torpağında neft tapılan adi və insaflı insanlar idi, indisə milyonçular bizim şanlı məmurlarımızdır. 

O vaxtın milyonçuları pullarını bu millətin yolunda xərcləyirdi, indiki milyonçu məmurlar isə neftdən gələn milyonları min cür üsulla oğurlayaraq xarici banklara daşıyırlar. O vaxt da böyük şəhərin böyük hissəsi kasıb idi, indi də belədir. O vaxt da bu şəhərin küçələrində bahalı maşınlar şütüyürdü, indi də belədir. Bircə, məsələ halal-haram söhbətindədir: o vaxt pullar əsasən halal üsullarla qazanılırdı, indi isə hər cür üsula əl atırlar və deyirlər ki, pulun qoxusu olmur, əsas odur, adamın çoxlu pulu olsun, onda onunla hamı hesablaşacaq...   
Amma köhnə-qədimi ağaclar kimi, köhnə qaydalar da küləklərə davamsız olur, onlar dəyişməlidir, yenilənməlidir, əks təqdirdə yüngül  külək belə onları aşıracaq. İki əsr bundan əvvəl ilk baxışda halal-dürüst qazanılan pullarda da bir haram vardı, çünki o vaxtın milyonçuları daha insaflı olsalar da, bütün hallarda bu pullar tamam halal deyildi, ona görə ki, neft bütün millətin sərvəti idi. 

Odur, həmin dövrün qaydaları yeni siyasi küləklərə davam gətirmədi, çökdü və o dövrdə qazanılan böyük pulların bir hissəsi xarici banklarda batdı, digər hissəsini isə ölkəyə yeni qaydalar gətirənlər müsadirə etdi.

İndiki "qayda”larla bağlı da gec-tez, əvvəl -axır belə olacaqdır, çünki indi haram daha çoxdur, qəddarlıq və insafsızlıq daha çoxdur, qazanılan çox böyük pullar nəinki haramdır, hətta bir çox hallarda aşkar oğurluqdur. Odur, indiki zamanda da inkişafdan yox, bizim köhnəlikdən, əski qaydalardan necə sallaşaraq yapışmağımızdan və bir gün növbəti siyasi küləklərin bu qaydaları da necə sovuracağından danışmaq lazımdı.