Hüseynbala Səlimov
Ötən həftə Rusiyanın mövcud konstitusiyasına düzəlişlərlə bağlı səsvermə nəhayət ki, baş tutdu. Amma müzakirələr bundan xeyli əvvəl, hələ Rusiya hökumətinin və prezidentinin niyyəti bəlli olarkən, ən əsası da düzəlişlərin mətni dərc olunarkən başlamışdı.
Artıq bunlar arxada qalıb və Rusiyada demək olar ki, hamı işin nəticələrindən razıdır – həm səsverən kütlə, həm də ki, "sevimli xalqın” səslərini sayan və onları qəbul edən hakimiyyət mənsubları.
Prosesin ən əsas nəticəsi isə budur ki, hazırki prezident nəzəri olaraq daha iki müddətə Rusiya prezidentliyinə namizəd ola bilər. Bu isə o deməkdir ki, ölkənin indiki başçısı daha 16 il şimal qonşumuzun ən əsas "siyasət məbəd”inin – Kremlin "baş kahini” kimi qalacaqdır.
Bəli, hansısa fövqəladə, qeyri-adi dərəcədə fors-major bir vəziyyət yaranmasa, elə belə də olacaq, çünki Rusiya kimi avtoritar ölkələrin siyasi təcrübəsində başqa cür də olmur – bəli, burada fürsətlər göydən düşmür, onları elə hakimiyyət mənsublarının özləri yaradır və özləri də onlardan yararlanırlar.
Rusiyanın ən adi, necə deyərlər, orta statistik vətəndaşına gəldikdə isə, belə bir məşhur deyim var: hər bir xalq yaşadığı siyasi sistemə, onu idarə edən hakimiyyətə layiq olur.
Etiraf edim ki, bu siyasi tezis bizim elə də xoşumuza gəlmir, çünki ondan çox ciddi istisnalar olub, indi də var. Məsələn, vaxtilə Almaniya Federativ və Almaniya Demokratik Respublikaları vardı. Onlardan biri azad və inkişaf edən ölkə, digəri isə SSRİ-nin müstəmləkəsi idi! İndi də Şimali və Cənubi Koreyalar vardır. Sual olunur: Koreya xalqı onlardan hansına daha çox layiqdir?..
Amma bununla belə xalqlarla siyasi sistemlər arasında uyğunluq yaradan tezisi tamam kənara tullamaq da olmur, çünki ondan istisnalar olduğu kimi, xeyli təsdiqləyici hallar da var ki, bunlardan biri əlbəttə ki, bizim Rusiyadır.
Belə ki, sonuncunu idarə edənlərin hamısı sağlığında bir qayda olaraq "əvəzedilməz” və "seçilmiş” olurlar, ruslar özlərinin və hətta ölkələrinin taleyini onlarsız təsəvvür edə bilmirlər.
Amma təcrübədə hər dəfə bunun əksi baş verir: "əvəzolunmaz” siyasi uzunömürlülər gedir, ölkə və onun xalqı isə qalır, üstəlik vəziyyət də hər dəfə orta hesabla yaxşılığa doğru gedir, insanlar daha yaxşı şəraitdə yaşayır və işləyirlər. Əlbəttə, SSRİ-nin parçalanması və kommunist rejiminin çökməsi kimi istisnalar da olur, amma belə hallar hər xalqın həyatında son yüz illiklərdə yalnız bir və ya iki dəfə ola bilib və onların səbəblərini də hər ölkənin öz spesifikasında axtarmaq lazımdır...
Belə bir sual da mənasız deyil ki, V.Putinin hakimiyyəti daha 16 il davam edərsə, bu digər post-sovet ölkələrinin həyatında necə təzahür edəcək? Müasir Rusiyanın imperiya ambisiyaları, xüsusən də onun liderinin siyasi idarəçilik stili hamıya yaxşı məlumdur və heç də tamam istisna olunmur ki, Rusiyanın ətraflarına iddiaları artsın, məsələn, qonşu Qazaxıstandan nəsə qoparmaq fikrinə düşsünlər ruslar, çünki Rusiyanın politoloqları dəfələrlə buna işarə ediblər...
Əlbəttə, bu qəbildən olan hipotezlər də tamam əsassız deyil: Mərkəzi Asiya ölkələri geosiyasi baxımdan hələ tam müəyyənləşməyiblər və bir gün onlar da Qərbin iqtisadi strukturlarına, xüsusən də siyasi və ya hərbi institutlarına inteqrasiya olunmaq fikrinə düşsələr, o halda Ukraynanın və Gürcüstanın taleyini yaşaya bilərlər. Amma yaxın 16 ildə bu, elə də real görünmür, bircə şərtlə: əgər ABŞ trans-Xəzər marşrutu kimi böyük layihələrə start vermək qərarına gəlməsə! Hələliksə regionun ən əsas və perspektivli geoiqtisadi layihəsi kimi İpək yolu görünür və xatırladaq ki, elə sonuncu da rus siyasətçilərində və diplomatlarında çox da pozitiv ovqat yaratmır...
Bizim Dağlıq Qarabağ probleminə gəldikdə isə, burada da müəyyən aydınlıq var: V.Putin 20 ildir ki, hakimiyyətdədir və biz hətta torpaqlarımızın bir hissəsini qaytara bilməmişik, o da qaldı, problemin tam həlli ola! İndiki vəziyyətin davam etməsi – bu, Putin dövründə ən real ssenari hesab edilir, çünki Dağlıq Qarabağ problemi də Rusiya üçün bölgədəki geosiyasi və geoiqtisadi atmosferi tənzimləmək üçün ən yaxşı və sınanmış "rıçaqdır”.
Əlbəttə, Azərbaycan bu ssenarini poza və ondan çıxa bilər, amma bundan sonra o, Dağlıq Qarabağı qaytarmağın yalnız və yalnız hərbi yolları haqqında düşünməlidir. Di gəl, digər tərəfdən, bu, hazırda mövcud olan vəziyyətdən, yəni on illərlə Rusiyayla bağlı boş, əsassız ümidlərlə yaşamaqdan daha perspektivsiz işdirmi?..
Şərhlər