Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov (FOTOLAR)

Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov (FOTOLAR)

Neft sənayesi Azərbaycan iqtisadiyyatının lokomotivi hesab olunur. Ona görə də ölkənin neft sənayesi obyektlərinin, boru xəttlərinin, neft quyularının təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. 

Qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft kəmərlərindən hər iki istiqamət üzrə minimum 50 metr, neft quyularından isə 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xəttləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. 

Lakin ölkəmiz üçün bu qədər strateji önəmə malik olan neft sənayesi torpaqları bəzi işbazlar üçün qazanc yerinə çevrilib. Müxtəlif yollarla qanunsuz olaraq zəbt etdikləri mədən ərazilərində, neft kəmələrinin mühafizə zonasında ev tikib satmaqla məşğul olan bu şəxslər, minlərlə vətəndaşın həyat üçün təhlükəli sahələrdə məskunlaşmasına səbəb olublar. 

Mədən ərazilərini oğurlamaqla özünə "biznes” quran maklerlərdən biri də İsmayılov Niyazi Müzəffər oğludur. Apardığımız kiçik araşdırma ilə Bayıl-20-ci yaşayış sahəsində Niyazi İsmayılovun mədən ərazisində tikib satdığı 20-yə yaxın yaşayış evi müəyyənləşdirdik. Çernyaxovski, Arif İsmayılov, Yüzbəy Mürsəlov, Gülbala Əliyev küçələrində hər addımbaşı Niyazi İsmayılovun tikdirdiyi evlərə, obyektlərə rast gəlinir. Görünən odur ki, Niyazi İsmayılov "Bibiheybətneft” Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazisindən öz şəxsi mülkü kimi istifadə edir, istədiyi yerdə ev tikir, istədiyi yerdə market, kafe açır.  Halbuki bu torpaqlar Azərbaycan xalqına məxsusdur və ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən intensiv neftçıxarma sahəsidir.

Niyazi İsmayılovun özbaşınalığı o həddə çatıb ki, hətta neft hasilatına birbaşa müdaxilələr edir. Təsəvvür edin, o xüsusi texnika cəlb edərək 34 88 nömrəli işlək neft quyusunun ətrafındakı avadanlıqları kənarlaşdıraraq tikinti üçün hazır vəziyyətə gətirib. Mühafizəçilərin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq müxtəlif vaxtlarda həmin neft quyusuna 5-10 metr məsafə 4 ev və 1 obyekt tikib. 

Məsələnin ən qəribə tərəfi isə aidiyyatı orqanların indiyə qədər Niyazi İsmayılovun etdiyi qanunsuz əməllərə qarşı hər hansı addım atmamasıdır. Hansısa məmurun passivliyi və ya problemi görməzdən gəlməsi Niyazi İsmayılovu öz cinayətlərini genişləndirməyə sövq edir. Bu vəziyyətdən isə ölkənin neft sənayesi və hoqqabaz maklerin aldadaraq torpaq satdığı vətəndaşlar əziyyət çəkir. Çünki mədən ərazilərində radiasiya fonu normadan dəfələrlə çox olduğundan burada uzun müddət yaşamaq insanlarda xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Bundan başqa neft və qaz kəmərlərində, eləcə də neft quyularında hər an qəza və ya partlayış baş verə bilər ki, bu da ətrafda yaşayan insanların həyatı üçün böyük təhlükə mənbəyidir. Həmçinin bu cür fövqəladə hallarda mühafizə zolağındakı evlər qəzaya operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasını ciddi şəkildə ləngidir.


34 88 işlək neft quyusunun mühafizə zolağında Arif İsmayılov küçəsində Niyazi İsmayılova məxsus 2018-ci ildən fəaliyyət göstərən restoran, kafe, mağaza və avtoyuma məntəqəsi


Niyazi İsmayılov


Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisində 3488 saylı quyunun mühafizə zolağında Arif İsmayılov küçəsi dalan-2 ünvanında 2020-ci ildə tikilmiş fərdi yaşayış evi
 
Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 2141 işlək neft quyusunun təqribən 10 metrliyində Niyazi İsmayılovun mənimsədiyi torpaq sahəsi
 

3488 nömrəli işlək neft quyusunun 10 metrliyində, Arif İsmayılov küçəsində karantin rejimindən istifadə edib tikdirdiyi yaşayış evi
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR