İdman 19:05 03.08.2021

"Neftçi"dən nə istəyirlər?

Səbuhi Həsənov

Xeyli müddətdi azərbaycanlı azarkeşlər avrokuboklarda iki təmsilçimizin qrup mərhələsində çıxış etdiyini görmür. Bir neçə il öncə "Qarabağ"la yanaşı "Qəbələ" də bu önəmli missiyanı öz üzərinə götürmüşdü. Hətta bölgə təmsilçisi bir sıra ilklərə də imza atmışdı. Yəni ümidlərimiz, gümanlarımız var idi ki, ölkə futbolu yavaş-yavaş inkişaf edir və getdikcə digər klublarımız da qrup mərhələsində oynamaq üçün çalışacaqlar. Amma zaman heç də hər şeyin gözlədiyimiz kimi olmadığını göstərdi. Ölkə futboluna başçılıq edən "başsızlar"ın "əməyi" sayəsində ildən-ilə geriləyən futbolumuzda indi nəyinsə daha yaxşı olacağına ümid edə bilməsək də, klublarımızın avrokuboklarda nəyəsə nail olacağına, ən azı bu il də qrup mərhələsi görəcəyimizə inamımız tam itməyib. 

Azərbaycan çempionu olandan sonra "Neftçi" rəhbərliyi işini bitmiş saysa da, komandaya yeni futbolçular gətirmək istəməsə də, azarkeşlərin arzuları fərqlidir. Əbəttə, onlar komandalarını ən azından qrup mərhələsində görəcəklərinə ümid edir və bu səbəbdən təzyiqləri getdikcə artırırlar. Əslində, bunun üçün kifayət qədər şans var. Düzdür, oyunlar başlamamış bütün komandaların şansları eyni olur. Hətta, "Sumqayıt"la "Keşlə"ni də avrokuboklar daha irəli mərhələlərində görə bilərdik. Ancaq hər iki klubumuz bunu bacarmadı. "Sumqayıt"ı təcrübəsizlik "yıxdısa", "Keşlə"ni hazırlıqsızlıq, başdansovdu idarəçilik, transferlərin vaxtında həyata keçirilməməsi, ümumiyyətlə yeni alınan futbolçuların keyfiyyətinin aşağı olması çətin vəziyyətə saldı. Digər tərəfdən hər iki təmsilçimiz heç də "dişinə" uyğun komandaya rəqib olmamışdı. Səviyyə baxımından bir çox cəhətlərdə geri qaldılar. Zatən onlardan böyük bir irəliləyiş də gözləmirdik. Komandaların durumuna, hazırlığına və alınan futbolçuların keyfiyyətinə baxanda onların hədəflərinin minimum olduğu aşkar şəkildə görünürdü. Konfrans Liqasına vəsiqə qazanmaları belə böyük bir iş idi.

Bütün bunlara baxmayaraq, yenə də iki klubumuzu ən azı Konfrans Liqasının qrup mərhələsində görə bilərik. "Qarabağ"la bağlı nələrisə dərindən analiz etməyə ehtiyac yoxdur. Qurban Qurbanovun komandasının kifayət qədər təcrübəsi var və bu növbəti mərhələyə adlamaq üçün yetərli ola bilər. Ağdam təmsilçisi "Aşdod"u da təcrübəsi hesabına keçmişdi. Komanda oyun baxımından tam hazır görünməsə də, futbolçular istədiklərinə nail ola bildilər. Qarşıdan isə Kipr klubu AEL-lə matç gəlir. Əslində, səviyyə baxımından "Qarabağ" daha üstündür. Ümumiyyətlə Ağdam klubunun bu rəqibi keçəcəyinə ümid daha çoxdur. Bu dəfə komanda turun taleyini ilk oyunda həll etməyə çalışmalıdır. 

Oyundan əvvəl "Neftçi"nin baş məşqçisi Samir Abasov rəqib haqda ehtiyatlı danışdı. HİK-in çox şişirdilməsinə ehtiyac olmadığını düşünürəm. Samir bəy Finlandiya klubunun öz ölkəsində çempionu olduğuna diqqət çəkmişdi. Ancaq yenə də bu, "Neftçi"nin çəkinməsinə səbəb verməməlidir. Çünki HİK "Olimpiakos" deyil. Bu, o deməkdir ki, "Neftçi"nin Avroliqada mərhələ adlamaq şansı daha çoxdur. Ümidvarıq ki, komandanın necə oynamalı, nə etməli olduğunu Samir bəy artıq futbolçularına mənimsədib. Yəqin ki, klub daxilində məşqçilər, futbolçular, idarəçilər arasında "Neftçi"dən nə istəyirlər axı?" sualını bir-birilərinə verənlər var. Mən deyim? Ən azı qrup mərhələsi. Təbii ki, bu, azarkeşlər, eyni zamanda futbol ictimaiyyəti tərəfindən qoyulan hədəfdir. Ancaq rəhbərliyin də arzusu eynidir, ya yox, bunu deyə bilmərəm, çünki göstərmirlər. Bizə isə ümid bəslədiyimiz "Qarabağ"la "Neftçi"yə uğurlar arzulamaq qalır...