"Rəqib haqqında nəsə danışmaq mənim üçün həqiqətən çox çətindir. Bu gündən onları analiz etməyə, araşdırmağa və oyunlara hazırlaşmağa başlayacağıq".
Qaynarinfo-nun məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, rəqib hazırda 1-2 məsələdə onları üstələyir: "Reallıqdan qaçmayaq. Onların çempionatı davam edir. Komanda hazır vəziyyətdədir. İki gün əvvəl səfərdə "Samtrediya"ya qarşı oynayıblar və 2:0 hesabı ilə qalib gəliblər. Baş məşqçiləri Kaxaber Sxadadzeni Azərbaycanın futbol ictimaiyyəti yaxından tanıyır. Nəyə qadir olduğunu bilirik. "İnter"də (hazırkı "Keşlə) futbolçu olduğum dönəmdə mənim baş məşqçim olub. Özüm də Sxadadzenin nəyə qadir olduğunu, necə baş məşqçi olduğunu yaxşı bilirəm. Bu gün üçün bəzi problemlərimiz var, bu da oyunçularla bağlıdır. Bəziləri viza məsələlərinə görə təlim-məşq toplanışına qoşula bilməyiblər. Milli komandaların da düşərgələrində olanlar var idi, yorğun olduqları üşün onlara istirahət verdik. Amma bunu panika üçün demirəm. Azarkeşlər pis fikirləşməsinlər. Tam ciddi şəkildə bu oyunlara hazırlaşacağıq".
Abasov püşkdən əvvəl potensial rəqiblər arasında fərq qoymadığını sözlərinə əlavə edib: "Məndən soruşsaydınız hansı rəqiblə düşmək xoş olardı, rəqiblər arasında fərq qoymazdım. Biz Çempionlar Liqasında böyük təcrübəsi olan komanda deyilik. Neçə illərdir ki, bu cür turnirlərdən uzaq düşmüşük. Bu, bizim üçün də sınaq olacaq. İnanıram ki, sınaqdan üzüaçıq çıxacağıq. Digər komandalar da düşsəydi, eyni cür hazırlaşacaqdıq. Mən rəqiblər arasında fərq qoymurdum. Mərhələ keçmək üçün şansımız var. Bütün xalqımızın dəstəyi ilə uğur qazanacağımıza inanıram".
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.
Şərhlər