Xəbər lenti

Neftli Milad Bayramı - Amerikanın enerji dominantlığı başlayır
Ekonomiks 22:33 16.12.2018

Neftli Milad Bayramı - Amerikanın enerji dominantlığı başlayır

"Milad bayramı bu il Amerikaya erkən gəldi,” deyə ABŞ Daxili Məsələlər Katibi Ryan Zinke açıqlama verdi. "Bu müəyyənləşdirmə ərsəyə gəlməzdən öncə mən ABŞ-dakı neft və qaz hasilatı barədə nikbin idim. Ancaq indi fakt olaraq mənə aydındır ki, Amerikanın enerji dominantlığı artıq üfüqdədir.”

Söhbət bu günlərdə Texas və Nyu-Meksiko ştatları arasındakı ərazidə aparılan tədqiqat işlərinin nəticələrindən gedir.

ABŞ rəsmilərinin verdikləri məlumata görə, Delavar Hovuzu (Delaware Basin) adlanan məkanda 46.3 milyard barrel neft və 8 trilyon kub metr qaz və 20 milyard barrel təbii maye qazı tapılıb.



Delavar Hovuzundakı nəhəng tapıntılar qlobal neft bazarı ilə bağlı hesablamaları dəyişib.

Bu ağlasığmaz rəqəmlər dünya miqyasında ən nəhəng enerji yatağının məhz Birləşmiş Ştatlar ərazisində yerləşdiyini isbat edir.

Az qala bir günün içərisində Amerikanın məlum enerji resurslarının həcmi ikiqat artıb.

Hasilatın artması ilk növbədə yataqların yerləşdiyi ştatlar olan Texas və Nyu-Meksiko ştatlarının büdcələri üçün xoş xəbərdir.



Neft qiymətləri bir ayın içərisində rekord həddə düşərək 50 dollar civarına enib.

İndiyədək bəzən büdcə çatışmazlıqları ilə üzləşən Nyu-Meksiko ştatının rəsmiləri hazırda xəzinəyə axacaq pulun təhsilə və ictimai infrastruktura investisiya variantlarını nəzərdən keçirirlər.

Lakin daha önəmli faktor yeni kəşflərin Amerika və ümumilikdə dünya iqtisadiyyatı üçün kəsb edəcək əhəmiyyətidir.

Heç şübhəsiz, Amerikada bu qədər neft və qazın mövcudluğu Birləşmiş Ştatların enerji idxal edən ölkədən enreji ixrac edəcək ölkəyə çevrilməsi tempini xeyli sürətləndirəcək.



Neft sərvəti sayəsində varlanmış Səudiyyə Ərəbistanı siyasi və sosial baxımdan dünyanın ən repressiv ölkələrindən biri kimi tanınır. Oxşar repressiv tendensiyalar iqtisadiyyatları neftə əsaslanan digər ölkələrdə müşahidə edilir.

Digər tərəfdən neft sərvətləri sayəsində dünya siyasətində siyasi-iqtsadi potensiallarına qeyri-proporsional şəkildə nüfuz sərgiləyən ölkələrin istər ABŞ, istərsə də dünya iqtisadiyyatı üzərindəki rıçaqlarının zəifləməsi gözlənilir.

OPEC kimi tanınan Neft İxrac Edən Ölkələrin Təşkilatı uzun illər neft qiymətlərini nəzarətdə saxlamaqla neft-qaz sərvətləri ilə zəngin ölkələrin varlanmasına şərait yaradıb.

Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela kimi qiymətli neft sərvətlərinə malik bəzi ölkələrdə insan indeksinin inkişafından yox, kiçik siyasi elitanın ifrat dərəcədə varlanması və bu halın siyasi-ictimai arenada faciəvi fəsadları müşahidə olunub.



"Venesuela ürəyindən aclıq, səfalət, korrupsiya və diktatura yarası alıb" - Dünyanın ən zəngin neft yataqlarına malik Venesuelada müxalifət fəallarının əllərində tutduğu şüar. Karakas, Venesuela, 10 may, 2017. Təxmin edilir ki, yarıtmaz dövlət siyasətinin doğurduğu aclıq nəticəsində orta venesuelalı 2017-ci ildə 11 kiloqram çəki itirib.

İqtisadi islahatları az qala lüzumsuz edən neft sərvətləri demokratik idarəçilik ənənəsi olmayan cəmiyyətləri dirçəltmək əvəzinə adətən onları avtoritar idarəçiliyə pərçimləyərək daha böyük bəlalara yol açır.

Belə ki, neft sərvətinə sahib ölkələrdə avtoritar rəhbərlik düşünülmüş iqtisadi siyasət, sahibkar təşəbbüsü, vətəndaş bacarığına yox, yerin altından fışqıran qara mayeyə arxalanır, və neftdən qaynaqlanan külli-miqdarda pulu mənimsəməyə yönəlik anti-demokratik siyasi mexanizm formalaşdırır.

Birləşmiş Ştatların dominant fiqur olaraq enerji bazarında yer alması bu baxımdan xoş xəbər ola bilər. Və təkcə amerikalılar üçün yox.

Mənbə: "Amerikanın səsi"

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->