Texnologiya 14:41 04.11.2021

“Netflix”dən oyun həvəskarlarını sevndirəcək açıqlama

Məşhur film xidmətləri şəbəkəsi "Netflix” özünün yeni oyun tətbiqini yaradacaq.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Netflix" iyul ayında elan edildiyi kimi, oyun sənayesinə daxil olmağa hazırlaşır. Öz platformasında oyun bölməsi yaradan "Netflix" bununla da istifadəçilərinə oyun xidmətləri təqdim etməyə başlayacaq. 

Yeni yaradılacaq tətbiqin adının "Netflix Games” olacağı bildirilib. Oyun platforması yaxın aylarda öncə iOS cihazlarına gələcək.

"Netflix" abunəçilərinin telefonlarında tətbiqləri vasitəsilə daxil ola bildikləri oyunların bəziləri internet üzərindən oynanılsa da, bəzilərinə oflayn daxil olmaq mümkün olacaq.

Birinci mərhələdə platformada beş oyun olacaq. Bunlardan ikisi "Netflix"in populyar seriallarından biri olan "Stranger Things" ilə bağlıdır. 

"Netflix Games”in əsas özəlliyi nə olacaq?

"Netflix"in digər oyun platformalarından ən böyük fərqi onun abunəçilərinin başqa heç bir ödəniş ödəmədən və reklamlarla qarşılaşmadan oyun oynaya bilməsidir.

Eyni zamanda, digər mobil oyunlarda olduğu kimi, oyundaxili pul müqabilində alışlar olmayacaq.

İlk mərhələdəki oyunların daha sadə qrafika və sadə quruluşa sahib olması gözlənilsə də, gələcəkdə hər cür oyunçuya xitab edən daha mürəkkəb oyunların gəlməsi gözlənilir.

Şirkətin oyun inkişaf etdirmə bölməsinin rəhbəri Mayk Verdu verdiyi açıqlamada, oyun menyusunu gələcəkdə hər kəsin xoşuna gələcək şəkildə inkişaf etdirməyi hədəflədiklərini söylədi.

Kamran Xəlilov