“Nəticələrə görə karantin qaydaları tənzimlənəcək”

“Nəticələrə görə karantin qaydaları tənzimlənəcək”

"Gələn həftədən ölkəmizdə nə qədər insanın COVID 19-a yoluxduğu məlum olacaq. Nə qədər sayda insanda immunitet formalaşması haqqında məlumat alınacaq. Daha sonra  COVID 19-la mübarizənin yeni strategiyası həyata keçirilə bilər. Düşünün ki, bir ölkədə nə qədər yoluxma sayı varsa və nə qədər sağalmış şəxs varsa, bu nəticələrə əsasən artıq karantin qaydaları da tənzimlənə bilər”.

Bu barədə tibb üzrə fəlsəfə doktoru, TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, seroloji testlərin nəticəsi karantin qaydalarının yumşalmasına təsirini göstərə bilər.

Q.Ələkbərova artıq bir sıra ölkələrdə seroloji testlərin müsbət nəticə verdiyini də diqqətə çatdırıb: "Məsələn, İspaniya, Almaniya, İsveçrə, İngiltərədə tətbiq edilib. Londonda 13 faiz sağalmış şəxslərin olduğu bildirilib. Avropada bu rəqəmin 4 -13 faizə qədər dəyişdiyi bildirilir. Madriddə sağalmış şəxslərin sayının 11.6 faiz olduğu müəyyən olunub”.

TƏBİB nümayəndəsi onu da əlavə edib ki, testlər Bakı şəhərindən başlanılacaq: "Hazırkı elmi tədqiqatın təsadüfi seçilmiş əhali qrupları arasında Bakı, Sumqayıt, Gəncə şəhərlərində keçirilməsi nəzərdə tutulub. Daha çox yoluxma harda olubsa, o ərazidə keçiriləcək. Bu layihədə yalnız bu üç şəhər nəzərdə tutulub. Amma gələcəkdə digər rayonlarda olub-olmayacağı haqqında bir söz deyə bilmərəm. Alınan nəticələrə görə bunlar yenidən düşünülə bilər”.

"Bu bir elmi tədqiqatdır, buna görə də insanlar təsadüfi yolla seçiləcək” deyən İşçi qrupun rəhbəri onu da deyib ki, testlər könüllülük prinsipi ilə aparılacaq: "Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndəriləcək. Amma gələcəkdə bunun məcburi olacağı ilə bağlı hələ ki məlumat yoxdur”.

Qeyd edək ki, gələn həftədən ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Seroloji testlərin aparılması COVID-19 pandemiyası ilə mübarizə strategiyasının əsas hissəsidir. Testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirən və immunitet qazananların statistikasını müəyyən etmək mümkün olacaq.
 
"Yeni Müsavat”
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR