Xəbər lenti

Niderlandda yaşayan azərbaycanlı rəssam:
Foto 12:05 08.03.2019

Niderlandda yaşayan azərbaycanlı rəssam: "Avropaya dolanışıq üçün gələnlər..."

Deyir ki,- "Avropaya dolanışıq üçün gələnlər qalıb vətəndə yaşasalar daha yaxşıdır. Çünki ruzi verən Allahdır, harada olsan səni dolandıracaq. Bura təhsil almaq, bacarıq və istedadlarını daha da təkmilləşdirmək istəyənlər üçün əlverişlidir"…

Haqqında söhbət açdığım Rasim Hüseynov rəssamdır. 1964-cü ildə Bakının Zirə kəndində dünyaya gəlib. 1980-ci ildə 241 nömrəli məktəbdə orta təhsilini başa vuraraq, Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunub. Dörd il orada oxuduqdan sonra, iki il əsgəri xidmət keçib. 1984-1992-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəssam ixtisasına yiyələnib. 1999-cu ildə Niderland Krallığına gələnədək müstəqil rəssam kimi fəaliyyət göstərib, müxtəlif sərgilərdə iştirak edib…

Əsasən Azərbaycan miniatür məktəbindən gələn ənənəni modern üsulda təqdim edən Rasim bəyin öz dəsti xətti var. Yağlı boya ilə işləməyə daha çox üstünlük verir. Kompazisiya, portret ən çox çəkdiyi əsərlərdəndir…

…Ömür-gün yoldaşı Vəfa Rüstəmova da rəssamdır. İki övladı var. Oğlu Hüseyn 27 yaşındadır, ali təhsillidir. Qızı Leyla isə orta məktəbdə təhsil alır…

Niderlandda yaşadığı müddətdə 100-ə yaxın sərgidə iştirak edib, onların bir çoxu fərdi sərgiləri olub. Bütün bunlarla yanaşı pedaqoji fəaliyyətlə də məşğuldur. 2008-ci ildən Sintlucas Boxtel Universitetində rəssamlıqdan dərs deyir...

Hamı kimi onun da arzuları var. İstəyir ki, əsərlərindən ibarət fotoalbom ərsəyə gətirsin, şəxsi qalareyası olsun. Övladlarının hər birini xoşbəxt görmək onun ən böyük arzusudur…

Azərbaycan naminə keçirilən ictimai tədbirlərdə iştirak edir. Milli, rəsmi bayramlarımızda tez-tez soydaşlarımızla bir araya gəlir. Sonuncu dəfə Brüseldə Avropa parlamentinin qarşısında Xocalı soyqrımına həsr olunan tədbirdə iştirak edib. Azərbaycanı çox sevdiyini dilə gətirib, istedadlı xalq olduğumuzu söyləyir...

Bəli, rəssamlara xas olan təmkinlə öz həyatından danışan bu istedadlı soydaşımız, böyük yol keçib. Qürbət ölkədə əsl Azərbaycan kişisinə xas olan xarakterik xüsusiyyətləri ilə xalqımıza başucalığı gətirir. Vətənimizi Niderlandda ləyaqətlə təmsil edir. Müdrik mülahizələri, kübarlığı, mədəniyyəti, yüksək davranışı ilə adamı heyran edən bu vətənpərvər rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->