Xəbər lenti

Nikah pozularkən əmlak bölgüsü necə tənzimlənməlidir?
Ölkə 20:35 19.01.2020

Nikah pozularkən əmlak bölgüsü necə tənzimlənməlidir?

Dövlət qeydiyyatına alınmış nikahların pozulması zamanı ər və arvadın əmlakının bölgüsünün qanunvericiliklə qanuni rejimi və müqavilə rejimi müəyyənləşdirilib. Əgər tərəflər arasında nikah müqaviləsi yoxdursa, o zaman əmlakın bölgüsü qanuni rejim əsasında həyata keçirilir. Ər-arvadın əmlakının qanuni rejiminə əsasən, tərəflərin nikah dövründə əldə etdikləri bütün daşınar və daşınmaz əmlak onların birgə mülkiyyəti sayılır və nikah pozularkən əmlakın kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq tərəflər arasında bərabər bölünür. Lakin qanunvericilikdə bəzi istisnalar mövcuddur. Belə ki, nikah bağlananadək tərəflərdən hər hansı birinin əldə etdiyi əmlak, həmçinin nikah dövründə hədiyyə şəklində, vərəsəlik qaydasında və ya digər əvəzsiz formada tərəflərdən birinin əldə etdiyi əmlak nikah pozularkən bölünmür. Zinət əşyaları istisna olmaqla (əgər zinət əşyası hədiyyə şəklində verilməyibsə) şəxsi istifadə üçün alınmış əşyalar (geyim və digər şəxsi istifadədə olan əşyalar) nikah dövründə kimin istifadəsində olubsa, ona məxsusdur və nikah pozularkən bölünmür.

Nikah pozularkən ər və arvadın əmlakı onların qarşılıqlı razılığı əsasında bölünə və notariat qaydasında təsdiq edilə bilər. Lakin tərəflər arasında mübahisə olduqda, ər və arvadın ümumi əmlakının bölünməsi, həmçinin payların müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Tərəflər nikah pozulduqdan sonra üç il müddətində ümumi əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət edə bilərlər.

Nikahın pozulması zamanı mübahisə yaradan amillərdən biri də gəlinin ərinin valideynlərinin mülkiyyətində olan mənzildən istifadə hüququnun olub-olmamasıdır. Qanunvericilikdə mənzildən istifadə hüququ ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsinin şərti olaraq üç mərhələsi mövcuddur.

1) Əgər ailə 01 sentyabr 2000-ci il tarixədək qurulubsa və gəlin həmin tarixədək qaynatasının mülkiyyətində olan mənzilə köçübsə, gəlinin nikah pozulduqdan sonra da ailə üzvü kimi qayınatasının mənzilindən istifadə hüququ saxlanılır.

2) Əgər gəlin qaynatasının mülkiyyətində olan mənzilə 01 sentyabr 2000-ci il tarixdən sonra köçübsə, gəlinin nikah pozulduqdan sonra həmin mənzildən istifadə hüququnun saxlanması üçün mənzilə köçən zaman gəlinlə mənzilin mülkiyyətçisi arasında notaiat qaydada təsdiqlənmiş müqavilə bağlanması və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb edilir.

3) Əgər gəlin qayınatasının mülkiyyətində olan mənzilə 01 oktyabr 2009-cu il tarixdən sonra köçübsə və gəlin ilə mənzilin mülkiyyətçisi arasında başqa razılaşma yoxdursa, nikah pozulduqda və ailə münasibətlərinə xitam verildikdə, gəlinin həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->