Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Avropada Rusiya enerjisinin bir çox idxalçıları alternativ mənbələr tapıblar. Lakin Moskva hələ də ən böyük tədarükçülərdən biri olaraq qalır və bu, Avropa İttifaqının 2027-ci ilə qədər Rusiya enerjisindəm imtina etmək məqsədinə nail olmağını çətinləşdirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.
Cəmi üç il əvvəl Rusiya Federasiyası dünyada ən böyük təbii qaz ixracatçısı, Avropa isə onun əsas müştərisi idi. Qitənin aparıcı iqtisadiyyatları üçün ucuz Rusiya enerjisinə çıxış Vladimir Putinlə iş görməklə bağlı istənilən narahatlıq və ya riskləri üstələyirdi.
2022-ci ilin fevralında Rusiya Ukraynaya genişmiqyaslı işğala başladı. Və bir təchizatçıdan hədsiz dərəcədə asılılıq birdən-birə regionun iqtisadi və siyasi təhlükəsizliyi üçün təhlükəyə çevrildi.
Putinin Ukraynanı dəstəklədiyinə görə cəza olaraq qaz, kömür və neft tədarükünü kəsəcəyi qorxusu alternativ enerji mənbələri tapmaq üçün qızğın mübarizəyə səbəb oldu. Bu dəyişiklik Rusiya hərbi maşınının maliyyəsini kəsmək üçün sanksiyalarla rəsmiləşdirildi.
Bu gün bəzi Avropa ölkələri artıq enerji təchizatı inqilabından keçiblər. Qaz, neft və kömür idxalçıları alternativ tədarükçülərin lehinə Moskvadan imtina ediblər. Bundan əlavə, istehlakçılar tələbi azaldaraq daha az enerji istehlak etməyin yollarını tapıblar. Avropalılar daha çox pul ödəməyə başlasalar da, sonucda işıqlar yanır və əksər fabriklər işləməyə davam edir. Ancaq Rusiya hələ də Avropaya ən vacib enerji tədarükçülərindən biri olaraq qalır.
Avropa Rusiyanın "qaz iynəsinə” necə ilişib
Hekayə yarım əsrdən çox əvvəl başlayıb. Sovet İttifaqı, Çin və ABŞ ilə gərginlik şəraitində Sibirdə yeni kəşf edilmiş nəhəng qaz yataqlarının işlənməsi üçün pul və avadanlıqlara ehtiyac duyurdu.
Qərbi Almaniya (AFR) sürətlə böyüyən istehsal sektorunu dəstəkləmək üçün ucuz enerji axtarışında idi. 1970-ci ildə onlar "qaz müqabilində borular" müqaviləsi bağlayıblar. Müqavilənin şərtlərinə görə, alman fabrikləri Avropaya qaz nəql etmək üçün minlərlə kilometr boru tədarük edib. Qaz tədarükü davamlı olaraq artıb və bir anda məlum olub ki, Almaniya qazın yarısından çoxunu Rusiyadan alır.
Son illərdə Almaniya və digər Avropa iqtisadiyyatları külək və günəş enerjisinə keçməyə başlayıb. Lakin Rusiya boru kəməri qazı alternativ enejiyə (külək əsmədikdə və ya günəş parlamadıqda) lazım olan əsas gücü istehsal etmək üçün rahat və ucuz alternativ olaraq qalır.
Avropa Rusiya enerjisindən necə istifadə edir?
Bruegel analitik mərkəzinin (Brüssel, Belçika) məlumatına görə, 2023-cü ilin sonunda Avropa İttifaqına Rusiyanın qalıq yanacaq idxalı ayda təxminən 1 milyard dollar təşkil edib. Bu, 2022-ci ilin əvvəlindəki pik dəyərlərdən - ayda 16 milyard dollardan bir neçə dəfə aşağıdır.
Bu idxalın böyük hissəsi təbii qazdır. 2023-cü ildə Avropa İttifaqına tədarük edilən qazın təxminən 15%-i Moskvanınpayına düşüb və o, tədarükçülər sırasında 3-cü yerdə qərarlaşıb. Birinci yerdə 30%-lə Norveç, ikinci yerdə 19%-lə ABŞ gəlir.
Rusiya qazının böyük hissəsi Ukrayna və Türkiyədən keçən boru kəmərləri vasitəsi ilə gəlir. Əsas alıcılar iqtisadiyyatları bu yanacaqdan çox asılı olan Avstriya, Slovakiya və Macarıstandır.
Rusiyadan tankerlərdə mayeləşdirilmiş təbii qaz hələ də İspaniya, Fransa, Belçika və Niderland kimi böyük istehlakçılar tərəfindən alınır. Onun bir hissəsi Avropa boru kəmərləri şəbəkəsində digər qazla qarışdırılır. Bu, məsələn, o deməkdir ki, Rusiya qazı hətta bir il əvvəl ondan tamamilə imtina etdiyini açıqlamış Almaniyada da ola bilər.
Rusiya Federasiyası ilə qaz müqavilələri niyə ləğv edilmir?
Rusiyanın avropalı müştəriləri bir çox hallarda uzunmüddətli müqavilələrə əsasən müəyyən ödəliklər daşıyırlar.
Bundan əlavə, digər təchizatçılara keçid olduqca bahalı ola bilər. Qlobal qaz bazarında mövcud tədarüklərin ABŞ və Qətər kimi ixracatçılardan yeni tədarük dalğası yaranana qədər qarşıdakı illərdə məhdud qalacağı gözlənilir. Avropaya idxal olunan qazın bir hissəsi kömür və atom elektrik stansiyalarını bağlamış ölkələr tərəfindən alınır.
Avstriya, Slovakiya və Macarıstan da alternativ təchizatçılar axtarır. Lakin bu ölkələr dənizə çıxışı olmayan ölkələrdir və sənayesi Rusiyadan enerji təchizatından asılıdır, həmçinin Rusiya qazı Qərbi Avropadakı LNG terminallarına verilən qazdan daha ucuzdur.
Hazırda Avropada Rusiya qazının idxalına heç bir qadağa yoxdur. Buna baxmayaraq, Böyük Britaniya, Almaniya, Polşa və Baltik ölkələri alışı dayandırmaq qərarına gəliblər.
Bəzi iri Avropa korporasiyalarının Rusiya enerjisi sektoruna investisiyaları var. Məsələn, Fransanın TotalEnergies SE şirkəti Arctic Yamal LNG layihəsində səhmdar olaraq qalır. İspaniyanın Naturgy Energy Group SA şirkəti isə Yamaldan 2038-ci ilə qədər maye yanacaq almaq üçün 20 illik müqaviləyə malikdir.
Rusiyanın başqa hansı enerji resursları Avropaya çatır?
Bu gün Rusiya xam neftinin boru kəmərləri vasitəsilə tədarükü əvvəlkindən xeyli az olsa da, davam edir. Avropa İttifaqından kənarda, məsələn, Türkiyədə neft emalı zavodlarında istehsal olunan neft məhsullarının idxalına hələ də qadağa yoxdur.
Global Witness-in məlumatına görə, bu zavodlardan Aİ ölkələrinə satışlar 2023-cü ildə Rusiyaya 1,2 milyard dollar vergi gəliri gətirib.
Bundan əlavə, ola bilsin ki, Rusiya xam neftinin bir hissəsi başqa ölkələrdəki vasitəçilər tərəfindən alınır, başqa mənbələrdən alınan neftlə qarışdırıldıqdan sonra Avropaya çatdırılır.
Həmçinin Rusiya beynəlxalq sanksiyalardan yan keçmək üçün iri tanker "kölgə donanması” yaratdığından neft və maye qazın marşrutlarını izləmək çətinləşib. "Kölgə donanması”nın bir hissəsi Britaniya, Aİ və onların müttəfiqləri tərəfindən sanksiyaya məruz qalıb və Avropaya birbaşa tədarüklərə dair heç bir dəlil yoxdur. Bununla belə, dünya üzrə təkrar satışları izləmək çətindir.
Avropa yüksək qiymətlərin öhdəsindən gələ bilirmi?
2022-ci ildə enerji qiymətləri bir neçə dəfə artıb. Avropa ölkələrində bəzi fabriklər istehsalı azaltmaq məcburiyyətində qalıb və bir çox kiçik müəssisələr bağlanıb. Bu gün qiymətlər aşağı düşüb, lakin hələ də böhrandan əvvəlki səviyyələrdən yüksəkdir. Bu, enerji tutumlu sənayeləri daha az rəqabətə davamlı edir.
Artan enerji ödənişlərindən əziyyət çəkən ev təsərrüfatları istehlakı azaltmağın yollarını tapıblar. Ancaq çoxları üçün əlavə xərclər real çətinliklər yaradır. Avropa Komissiyasının məlumatına görə, Aİ vətəndaşlarının təxminən 11%-i 2023-cü ildə evlərini kifayət qədər isti saxlaya bilməyib.
Nizami Bağırov
Şərhlər