Xəbər lenti

O bu dünyaya mənim babam olmaq üçün gəlmişdi
Günay İlqarqızı
Sənət 13:25 15.07.2019

O bu dünyaya mənim babam olmaq üçün gəlmişdi

Günay İlqarqızı

Evlənib özüm ev-eşik sahibi olsam da, o adətini heç pozmamışdı, hər pensiyasında olduğu kimi, yenə də pencəyinin "sinə” cibində mənim payımı saxlayardı. Elə ki, evimizə gedərdim, məni gizlinə çəkib "pay”ımı verərdi. Sonra isə... Mənə saxladığı gizlinini, artıq mənə yox, oğluma - öz nəticəsinə verirdi...
 
Ömrünün son günündə belə ən axırıncı gizlinini saxlayıb ona vermişdi.

Gözümü açandan onu yanımda görmüşəm, ağlayanda, güləndə, çətinliyə düşəndə, uğur qazananda, büdrəyəndə.... Əlifba öyrənəndə, dərs oxuyanda, məktəbə gedib-gələndə. Hətta atamı itirəndə belə "qanad”larının altında... Hər anımda əlimdən tutub qaldırıb, dəstək olub, həyatda məni qarşılıqsız sevib...

O adam... O adam mənim babam idi. Ömrü-günü ağrı-acılar, müharibə, yetimlik, əlillik, övlad itkisi ilə keçsə də, bir an olsa da, həyat eşqi sönməyən babam. Onun heç vaxt nəyəsə naşükürlük etdiyini görmədim, eşitmədim. Dünyanın hər ağrı acısını da toy-bayram kimi qarşılayıb, yola salardı. Bir sözü var idi: " A bala, bu həyatda hər şey bizim üçündür, xeyir də, şər də. Nə varsa, hamısı bu dünyada var. Həyatınızı elə yaşıyın ki, bir mənası olsun. Deyin-gülün...” 

Yaman zarafatcıl deyib-gülən idi. Bəzən biz onun zarafatlarından bezsək də, o bizi hirsləndirməkdən bezməzdi. "Nə edim onları qurdalamadan dura bilmirəm” deyirdi.

Uşaqlığını, atasını müharibə almışdı əlindən, dumanlı xatırlayırdı atasını, o illər yadına düşdükcə kövrəlirdi...

Çətinlik ilə böyüdüyü uşaqlığını gəncliyi əvəz edəndə isə bu dəfə düz 19 yaşında gözünün birini itirib son gününə qədər belə yaşamışdı. Evdən çıxıb işləməyə gəldiyi şəhər onun dünya işığını yarım eləmişdi. Böyük bir hündürlükdən düşüb 6 ay xəstəxanada ölümlə savaşdan qalib çıxmışdı. Amma bu travma belə onun həyat eşqindən heç nə almamışdı. 4 övlad böyüdüb, təhsil verib, ev-eşik etmişdi.

Vətən, torpaq itkisi də görmüşdü bu dağ vüqarlı kişi...

Ömrünün ahıl yaşında isə övlad itkisi yaşamışdı. Atamın qəfil gələn ölümü belini büküb, qəddini əysə də, hər zaman özünü dik tutmağı bacarmışdı...

Hansı toya, nişana getsə mütləq söz alıb sağlıq da deyərdi. Bütün məclislərdə bir şer oxuyardı:

Mənim yaradandan bir diləyim var, 
Bəxtim ola taxtı-tacım olmaya

Hər zaman da unudardı bəzi misralarını, bizdə gülərdik buna. Amma nə qədər dərin mənalı sözləri var idi bu misraların. Şair ruhu son nəfəsinə qədər onu mütaliə etməkdən də vaz keçdirə bilməmişdi.

Xatirələr, xatirələr...
Uşaqlığım, gəncliyim onun yanında, bundan sonra ki, ömrüm isə onun xatirələrini yada salmaqla, onun üçün darıxmaqla keçəcək. O mənim üçün, mən isə onun üçün ayrı bir aləm idik. Üzümün gülmədiyini görəndə o da gülməzdi. O mənim dünyam idi. Zənginliyim, sərvətim, dünənim, bu günüm... Mən ondan öyrəndim tarixinə, vətəninə, soyuna bağlılığı. O, məni mən edən idi. Bəzən onun haqqında düşünəndə mənə elə gəlir ki, sanki o bu dünyaya yalnızca mənim babam olmaq üçün gəlmişdi. 

Mən onun qəfil gedişin xatırlamıram, xatırlamaq istəmirəm. O mənim üçün hər zaman canlıdır.

Amma bir gerçək var, indi o yoxdur. Yerində isə mübarizə apardığım böyük bir boşluq qalıb...

Birdə ondan mənə qalanlar var. Gözəl günlər, xatirələrlə dolu bir ömür və o gedən gündən dayanıb işləməyən, hər zaman qolunda gəzdirdiyi saatı...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->