Xəbər lenti

Öpüş bullinqi
Günay İlqarqızı
Ölkə 16:27 23.07.2024

Öpüş bullinqi

O vaxt 7-8 yaşlarım olsa da, indi danışacağım əhvalatı yaşadıqlarıma, içindəki dialoqa, məkanına qədər xatırlayıram. Hər dəfə də xatırlayanda eyni hissləri keçirirəm. 

Bir dəfə babam ilə gələndə, Sumqayıtda yaşayanlar yaxşı tanıyar, Şəhidlər Xiyabanı ilə üzbəüz olan yataqxananın qarşısında bir qadın qohumla qarşılaşdıq. Həmin qadının da 60-a yaxın yaşı olardı. Salam-kəlamdan sonra qadın məni öpmək istədi, qoymadım. Dayandığımız yerdə dairə cızdıq, o məni öpmək istədi, mən isə qaçdım. A bala, qoysana səni öpüm, dedikcə, mən isə istəmədiyimi deyirdim. Axırda yorulub babama dedi ki, bu necə uşaqdır?! Babam da bircə dəfə "a bala, qoysana öpə”, - dedi, sonra heç nə demədi. 

Bəli, indi 35 yaşım var və mən hələ də yad birinin məni öpməsinə, üzünü üzümə toxundurmasına dözə bilmirəm. Mən elə bilirdim, bu işgəncə uşaqlıqda qalacaq, yox, əksinə. Böyüdükcə rəsmən "öpüş bullinqi”nə məruz qaldım. Bu "öpüş” böyüdü həyatımın məişət probleminə çevrildi.  Sözbaz qohumları, sevmədiyin qadınları, kişiləri öpmək məcburiyyətində qaldım. Öpməsən deyəcəklər buna necə tərbiyə veriblər, deyəcəklər bu nə gəlindir və s... 

Yaş olub 35. Hələ də bu tabulardan çıxa bilmirsən. Səni özünə görə tanımırlar. Bəlkə qarşılarındakı bunu sevmir deyə düşünmürlər. İllah o üzlərini bu üzə yapışdıracaqlar, yoxsa, danışmağa mövzu tapmaq asan olacaq...

Hə, onu deyirdim axı, bu öpüş mərasimini uşaqlıqdan heç sevməmişəm. Evimizə kimsə gəlib məni məcbur öpəndə elə yanlarındaca üzümü əlimlə, ya paltarımla silirdim. Tanıdığın-tanımadığın bütün qohumlarını öpmək məcburiyyəti böyük bir işgəncə idi. İndi düşünürəm, yaxşı ki, dikbaş olmuşam, heç olmasa sevmədiklərim də daxil, çox adamla görüşməmişəm. 

Böyüdükcə anlayıram ki, biz uşaq olanda "biz böyüyük” deyənlərin, indi biz böyüsək də, yenə "biz böyüyük” deyənlərin mənəvi "terror”larına nə qədər məruz qalırıq. Sanki əllərinə bir pultu alıb, idarə etməyə çalışırlar. 

Nə isə... Məsələdən çox uzaqlaşmayım. İndi də xeyir-şərdə öpüşü mütləq ənənəyə çevirən insanları heç anlamıram. Bəzən bu mərasimdən qaçsam da, yenə də bir "tərbiyəsiz” sözünə görə məcburiyyətdən boyun əyirsən.  Yoxsa söz olar axı...

Onu deyim ki, oğlum da özümə oxşayıb. Adamlarla soyuq və məsafəlidir, xüsusi ilə öpüşmə mərasimindən xoşu gəlmir. Mən isə onu buna məcbur etmirəm. Onun haqqında nə qədər də "bu nətər uşaqdı” eyhamını eşitsəm də, kənarda "anasına oxşayıb da” kimi ifadələrə fikir vermədən deyirəm ki, o öpüşü sevmir, heç kim də onu məcbur etməsin. 

Bax belə. Əzizlər, sevimlilər, öpüşmək, ya da öpüşməmək qlobal problem deyil. Bununla vaxtınızı çox aparıb, özünüzü yormayın. Arabir başınızı qaldırıb ətrafa baxsanız, nə demək istədiyim anlaşılmış olacaq. 

Amma və lakin sevdiklərinizə sarılmağı, onları öpməyi unutmayın. 

P.S. Onu da qeyd edim ki, babamdan adını elə ordaca soruşub beynimə həkk elədiyim qadın haqqında evimizdə söhbət gedəndə deyirdim, hə, o məni öpmək istəyən qadın... Hətta öləndə də o sözü dedim: "Hansı, o məni öpmək istəyən qadın öldü?..”

Sayğılarla...
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->