Günay İlqarqızı
Əminəm ki, çoxumuz bu gün saytlarda, sosial şəbəkələrdə bu xəbəri gördük...
Söhbət "Gəncə terrorunda ata-anasını itirən Sevil nişanlanıb” başlığı altında yazılan xəbərdən gedir.
Bu başlığı və şəkilləri təkcə xəbər saytları deyil, insanlar şəxsi profillərində paylaşıb, digərlərinə müzakirə obyekti olmasına rəvac verməsi məni məyus etdi.
Bəli, qız çox gəncdir, hətta tələbə adını keçən il qazanıb, ata-anasını iki ildi itirib, nənə, əmi, dayı himayəsindədir və s. Amma bütün bunlar bizə o qızın həyatına bilib-bilmədən müdaxilə etməyə, fikir bildirməyə icazə verirmi?
Yazılan şərhləri oxuduqca dəhşətə gəlirəm. Hərə bir söz deyir: "nənəsi başından elədi”, "altında başqa niyyət var”, "nəzarətə götürülsün”, "bunun atası, anası təzə ölmüşdü, hara tələsirdi”, "bunun özü uşaqdı, bu nə ailə uşaq saxlayacaq” və s.
Bəli, mən də sizinlə razıyam, Sevil uşaq olmasa da, gəncdir, yeniyetmədir. Bəlkə də 18 yaşı yenicə tamam olub. Bəli, mən də erkən nikaha, xüsusi ilə qızların erkən nikahına qarşıyam...
Lakin bu nə mənə, nə də sizə bir xanımın həyatını müzakirə obyektinə çevirməyə icazə verir. Bilirəm, Sevilin ata-anasının Gəncə terrorunun qurbanı olması onu, qardaşını bizə əziz, doğma etdi. Bəlkə də hamımız onun qayğısına qalırıq, lakin düşünmürük ki, biz o hadisədən sonra bu əzizimizin yanında nə qədər ola bildik, başına nə qədər tumar çəkə bildik?..
Bilirəm, Sevil deyəndə hamımızın gözünün qabağına o atasının-anasının tabutu önündə şəkillərini daşıyan məsum, körpə Sevil gəlir. Yenə də bu bizə onun həyatını müzakirə etməyə izn vermir.
Ya da müzakirə edəndə şəkilə də diqqətlə baxın. Məsələn, bəyin də çox yaşı olmadığını görün, hər ikisinin də üzünün güldüyünü görün, Sevilin özünün sevib-seçdiyi bəylə nişanlandığını düşünün və s. Bir az da o uşaqlara neqativ yükləmədən yaxşı şeylər düşünün...
Eşidirəm, deyirsiniz, yaş 18-dir.
Eşidirəm, deyirsiniz, qayğısına qalırıq.
Yenə xatırladıram, bu gerçəkləri mən də bilirəm.
Hə, bir də onu deyim ki, tək bununla bitmir. Biz çoxumuz sevirik dəstək olmadan, sadəcə, müzakirə etməyi... Baltalamağı, asıb-kəsməyi və hətta özümüzü ağıllı göstərməyi...
Amma içində olmadığımız duruma münasibət bildirməkdən vaz keçib, başımızı öz həyatımıza qarışdırsaq, öz problemlərimizi çözməyə çalışsaq, daha yaxşı olar. Yoxdurmu ətrafımızda problem, neqativ? Var, həm də nə qədər istəsən...
Özümüzə dönsək, həyat daha gözəl olacaq.
Sevilnən o bəyə isə gəlin, sadəcə xoşbəxtlik arzu edək.
Çünki nə olur-olsun, heç kim nişanlılığının, evliliyinin daimi olacağından sığortalanmayıb. Müzakirələri kənara buraxıb, imkan verin o uşaqlar həyatlarını yaşasın.
Gerisi isə onların biləcəyi işdir.
Həyat davam edir...
Şərhlər