Xəbər lenti

Biz niyə “yox” deyə bilmirik?
Günay İlqarqızı
Ölkə 16:22 10.05.2022

Biz niyə “yox” deyə bilmirik?

Günay İlqarqızı
 
Təsəvvür edirsiniz, kimsə bizdən nəsə istəyir və əslində, biz verməli olduğumuz cavabı bilə-bilə ona həmin cavabı verə bilmirik. 

Yəni "yox” deyə bilmirik.

Bəs biz niyə "yox” deyə bilmirik?

Əslində bu sual var ha, bu sual, bu sualın cavabı asandan asandır. 

Çünki biz özümüzü qırıb, özümüzdən keçməyə razıyıq, amma qarşımızdakını qırmağa yox. 

Bilmirəm, bu, empati duyğusudur, ya insanlıqdır, amma bir onu bilirəm ki, bu bizi həm də məhv edən səbəb və vasitələrdən biridir. 

Bəzən çoxumuz haqsız qınaqdan, insanların haqqımızda düşünəcəklərindən qorxduğumuz üçün də yox deyə bilmirik. 

Düzü, bütün günü deyirik ki, bizə heç kimin fikri maraqlı deyil, ətraf üçün yaşamırıq və s… Ancaq məsələ bunun "yox” cavabı vermə tərəfinə gələndə ətraf da, adamlar da bir anda gözümüzdə böyüyür və sanki hər ağızdan bir söz eşitmiş oluruq: "A, buna bax, eləmədi bunu”, "A, buna bax, qoşulmadı bizə” və s… Və ya tərsinə olur - qarşımızdakı insan bir anda gözümüzdə elə məsumlaşır ki, düşünürsən, mənim duyğularım, canım cəhənnəmə, əsas o qırılmasın. 

Burda nökərin Məşədi İbada dediyi söz yadıma düşdü: "Ay Məşədi, bəs mənim bir abbasım hara getdi?”

İndi, Ay Məşədi, "bəs mən nə olum” demək gəlir sanki o an içimdən.

Son günlər xüsusi ilə bunu düşünürəm. Axı mən niyə "yox” deyə bilmirəm. Nə yalan deyim, bir-iki dəfə cəhd eləmişəm, alındıra bilmişəm desəm, yalan olar. Sanki o "yox”u desəm, məni dar ağacına çəkəcəklər. Elə bir hissə qapılmışam. Növbəti dəfələrə saxlamışam. Amma düşünmüşəm də, bəs mən özüm "yox” deyə bilmirəmsə, övladıma öz istək və duyğularına sahib çıxıb "yox” deməyi necə öyrədim?

Belə qənaətə gəlmişəm ki, "yox” deyə bilmək, "yox” sözünü eşitmək və qəbullanmaq da özü bir mədəniyyətdir. Və biz cəmiyyət olaraq buna hazır olmamışıq, nə də qəbullanmamışıq. "Kimsə mənə yox deyə bilməz” deyib, bəzən eqomuzu təmin etmişik. 

Təmin olunan eqomuz, itən özümüz, qırılan qəlbimiz fonunda ən gözəl qalibiyyət "yox” deyə bilmək və bu”yox”a alışmaqdı. 

"Yox” deyə bilin və "yox” eşitməyə hazır olun, xanımlar və bəylər… Onda özümüz də olacağıq.

Sayğılarla…

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->