Günay İlqarqızı
Ölkə 13:04 05.10.2022

Müəllim övladının müəllimi

Anam müəllimdir, necə deyərlər, müəllim ailəsində böyümüşəm. 

"Nə var ki müəllim olmağa, gedib iki-üç saat dərsini deyib gəlir də” deyənlərin əksinə, bu peşənin necə məsuliyyətli, şərəfli olduğunu görmüşəm. 

Mənə hər zaman çətin gəlib, baxmayaraq ki, həmişə adı "qadın sənətidir” deyilib, "get dərsini de, gəl evinə” sözlərini eşitmişəm. 

Ətrafımda "bu sənəti seç, rahatdı” deyilib, amma mən bacarmamışam. Düşüncəsi belə mənə çətin gəlib. Təkcə bir sinifdəki uşaqların məsuliyyətini daşımaq, qayğı göstərmək mənə çox çətin gəlib. 

Və mən bunu özümə sübut da etmişəm dəfələrlə. 

Yeni dərs ili başlayandan övladımın dərsə uyğunlaşmasında çətinlik çəkirik. 

O yeni dərs ilinə, mən də onun bu vəziyyətinə alışa bilmirəm, gah onunla dalaşıram, gah qorxuduram, gah ağlayıram, gah tumar çəkirəm.
 
Bunları yaşaya-yaşaya  düşünürəm ki, mən biri ilə bacara bilmirəm, müəllimə yay tətilindən çıxmış körpələrlə necə bacarır? Onlara hər gün dərs öyrədir, sevgi verir, qayğı verir. 

Sizə bir sirr açım, bu durumla bağlı utana-çəkinə onun müəllimi ilə danışdım. 

Bir bütün günü məktəbdə yorulan müəllim məni necə səbir ilə dinlədi, necə məsləhətlər verdi. 

İkimizin də düşüncəsi eyni imiş, o da mən gördüklərimi görmüşdü demirəm, mən də müəllimin gördüklərini görə bilmişdim, deyirəm.

Amma o, səbirli imiş, səbirlə onu yenidən dərsə qaytarmağa çalışırmış.
 
Düşündüm, mən bunları edə bilərəmmi? 

Yox, edə bilməzdim, bilmədim də. 

Hətta müəllimin sözündən çıxıb, yenə öz bildiyim yolla getdim. Bu dəfə də uşaqla yox, mənimlə sərt danışdı. 

Düzü, utandım, çox utandım.

Anladım ki, müəllimlik başqa bir dünyadır. Sözün əsl mənasında başqa bir dünya. 

Böyük bir zirvədir, ən ali zirvə. 

Bunu mənə həm də oğlumun müəllimi başa saldı. 

Başa saldı əziyyətini, səbrini...

Yaxş ki, müəllim olmamışam, bəlkə də dünyanın ən pis müəllimi olardım, deyə öz-özümə pıçıldadım.

Ona isə içimdə böyük bir hüzurla minnətdarlığımı bildirdim.

Bu gün sizin gününüzdür, ən səbirli, ən əziyyətli peşənin sahibləri. 

Arzu edirəm ki, bir gün yox, hər gününüz özəl keçsin, əziz müəllimlər.

Övladlarımızın ikinci anaları, sizə təşəkkür edirik!

P.S. Gəlin, bu gün neqativləri düşünmədən, onları sevgimizlə, qayğımızla əhatə edək. 

Gününüz mübarək!
 
Günay İlqarqızı