O qədər gözəl sevgilər varkən seçkidən niyə yazım?

O qədər gözəl sevgilər varkən seçkidən niyə yazım?

Nazlı Ağayeva 

Bizim rahatlığımızdan ötrü daim çöldə-bayırda olan atamı "kəşf etməyə” fürsətim olmadı. Sövq-təbii sevdim onu. Özü sevgisini bildirməzdi. Hər birimizin üstündə ayrıca əsər, qeydimizə "özümüzdən gizlin” qalardı. Altmış üç yaşında tərk etdi bizi. Mənim indiki yaşımdan üç il sonra. Bütün mənalarda böyüklüyünü özündən sonra anladım.

Mehrimi anama saldım. Bir az yaradıcılıq-zad da vardı. Yaşıdlarım fermada, tarlada çalışarkən mən kitabxana müdiri idim. Kitabxananın xadiməsi vardı, o xadimənin də müdiri olurdum... Məvacib handa bir kişinin qazancından az deyildi. Ən azından "çörəkli gəlin” statusuna görə "evdə qarımaq” ehtimalı da sıfıra bərabərdi. Bu qədər müsbətlərə rəğmən, günün birində gələcəyimin açarını mənə hakimiyytin təbliği barədə göstəriş verməyə gəlmiş məmurun üstünə atdım. Şəhər-kənd məsələsi deyildi, öz içimdəki mühitdən boğulurdum. 

Bir gün evdəki, kənddəki "nüfuzum”dan keçib rayona, yerli qəzetin redaksiyasına getdim. O zamankı redaktor Əziz Əzizova vəziyyəti bildiyim sözlərlə izah etməyə çalışdım. Yazı-pozumla qəzetdən tanış olan Əziz müəllim redaksiyada uyğun ştat olmadığını bildirsə də, mənə qapını göstərmədi.

Məni mətbəədə yarımştat xadimə işinə götürdülər. Amma mətbəəyə rəhbərlik edən sərt görünüşlü ipək Xədicə xala bircə dəfə əlimə süpürgə almağa qoymadı. Bununla qalmayıb evini açdı mənə, heç nədən korluq çəkməyə qoymadı. Qışda əlavə olunan ocaqçı ştatımı da kollektiv şəkildə yola verirdilər. Hər kəs yazmağıma bir şəkildə yardımçı olurdu. Və mən xadimə-ocaqçı olaraq rəhmətlik Əziz müəllim və Xədicə xaladan başlayan gözəl insanların sayəsində yazmağa başladım. O vəzifələri əmək kitabçamda rəsmiləşdirən qrafalar bu gün həyatımın ən dəyərli səhifələridir. Təbii ki, o səhifələrin içində əzab-əziyyətlər, ağrı-acılar istisna deyil, hətta artıqlaması ilədir. Yalnız peşmançılıq yoxdu. 

Mən bu həqiqətlərdən indiyə qədər niyə yazmadım? Yaxşını, yaxşılıqları burnumuz ovulmadan, ayağımız burxulmadan, heysiyyətimiz zədələnmədən xatırlamaq olmazmı? Pisə, yamana anında reaksiya verdiyimiz halda. Arada nə əlaqə olduğunu dəqiq bilmirəm. Di gəl ki, bu ikisinin arasında ayrılmaz bir bağ var. Hətta məşhur "pis-yaxşı” ifadəsində pisin yaxşıdan əvvəl gəldiyi təsadüf deyilmiş... 

Əlbəttə, qolumuzdan tutanların ruhu, həyatdakıların xətri qarşısındakı vicdan borcumuz sonsuzdur. İntəhası özünü axtararkən səmtini itirənləri yıxılmağa qoymayan əlləri öpməyə tələsmirik. Çünki yaxşılıq bizə görə belə də olmalıymış kimi sadəcə borcdur, öhdəlikdir. Ana qayğısı kimi əvəzsiz və təmənnasız... 

Ana demişkən...

O halda ki, işimin-gücümün əsas hissəsi meydanlarda, döyüş bölgələrində keçirdi. Qalan vaxtım camaatın problemlərini işıqlandırmağa sərf olunurdu. Kənardan güclü görünürdüm. Elə ki evdə heç nəyimiz olmadan anam süfrəyə özündən icad etdiyi əntiqə bir yemək qoyurdu, onda özümün nə qədər zəif olduğumu anlayırdım.  

...Çox illər əvvəl bir gün işdən gələndə rəhmətlik eyvanda məni gözləyirdi. Pilləkəndə kişi ayaqqabılarını görəndə bildim evdə qonaq var. Sakitcə dükana qayıtmaq istəyəndə qoymayıb qulağıma pıçıldadı: 

– Can bala, sən allah, mənim yanımda pərt eləmə adamı. Deyir, xəbərsiz gəldiyinə görə hirslənərsən.

"Adamı niyə pərt eləyim ki”, düşünüb içəri keçdim. "Qonaq" yaxın günlərdə tapıb üzə çıxartdığım saxtakar məmur idi. Neçə yerdən redaktora zəng vurdurmuşdu. Əziz müəllim bizi kimsənin ayağına vermədiyindən deməli, anamı "bişirməyə” cəhd edib. 

Süfrədə konfet, paxlava vardı. Konfet heç, bəs bu paxlavanı məndən gizlin harda saxlayıbmış Alagöz bacı? Fikrimi birtəhər cəmləşdirib adamla salamlaşdım. İşığımızı borca görə kəsmişdilər. Neft lampasının kölgəsində süfrənin kənarına qoyulmuş zərf gözümə dəydi. Başqa otağımız olmadığından anamın yanında içindəki pulun qədərini soruşdum. Adam ürəklənib rəqəmi deyəndə anamın ağappaq üzü qızarıb xal-xal oldu. Bizim, hətta qonşuların təxminən illik işıq pulu mənasında həyəcanlandı yəqin. Zərfi götürüb "qonağın" ovcuna qoydum. Özünü də uyğun dillə yola salıb anama o pulların izahatını verdim.    

Söhbət əsnasında gördüm, nəsə fikirlidi. Soruşdum, yazsam, adamı tutarlar deyə nigaran imiş. Ürəyimi bilirdi, yenə and-aman elədim, rahatladı. Rəngi-rufu düzəldi.  

Gecəni nöyüt lampası ilə yola verib yatırdıq ki, birdən ehtiyatla soruşdu:

– A bala, bayaq bizə gələni bir də görəsisən? 

Bayaq bizə gələnlə nə işi ola bilərdi ki, anamın? Maraqdan çatlaya-çatlaya üzünə baxıb cavab verdim:

– Rastlaşaram yəqin, nə olmuşdu ki?

– Heç, görsən deyərsən ki, anam tapşıran şoru daha gətirmə... 

Mən yorğanı ağzıma sıxıb uğunub getmişdim. Handan-hana özümü toxtadıb dillənə bildim: 

– Nə şor, Alagöz bacı?! 

– Heç, a bala, vallah, o qədər "sən də mənim anam, nəyə ehtiyacınız var”- deyə soruşdu. Mən də əlacsız dedim ki, bəs qızın vaxtı olmur almağa, bir kilo kənd şoru lazımdı səhərlər yeməyə. O da "baş üstə, sabah çatdıraram” dedi. Bilsəydim belə məsələ var, vallah, deməzdim. Bir dəfə özümüz alarıq... 

– Ay Alagöz bacı, o məktubun içindəki pula yanı balalı inək düşürdü. Sən şorun fikrini eləmə, ölməmişəm ki... 

– Canın sağ olsun, a bala. Tələsmə hələ, imkan olanda alarsan. 

Qarşılıqlı "sağlıqlardan” sonra daha mən özümü saxlaya bilməyib necə qəhqəhə çəkdimsə o da mənə qoşulub o ki var güldü. 

Borca görə işığı kəsilən o gecəmiz ömrümüzün ən nurlu, ən bəxtəvər gecələrindəndi.

P.S. Lovğalıqdan keçib daha, o zamanlar hələ Qəbələ olmamış Qutqaşendə barmaqla göstərilən qəzetçi idim. Və o gecənin səhəri imkan tapıb bazardan anama düz iki kilo pendirli şor aldım...
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR