Xəbər lenti

ODA teatrı bəyanat yaydı – Diqqətsizlik
Sənət 18:36 09.06.2014

ODA teatrı bəyanat yaydı – Diqqətsizlik

Bir neçə gün əvvəl maliyyə problemləri üzündən yerləşdiyi zirzəmidən çıxmaq məcburiyyətində qalan ODA teatrı bəyanat verib. 

Qaynar.info bəyanatı olduğu kimi təqdim edir: 

“ODA Teatrının yerləşdiyi “Zirzəmi” məkanı 1 iyun 2014-cü il tarixində maliyyə çətinlikləri üzündən bağlandı. Bildirmək istəyirik ki, hazırda məkanımızın olmaması teatrın bağlanması demək deyil və “ODA” Teatrı bağlanmayıb. Teatr kollektivi müvəqqəti məkanlarda məşqlərini davam etdirir. Lakin məkanın olmaması teatrın fəaliyyətinə mənfi təsir göstərir. Biz bununla bağlı 23 may 2014-cü il tarixində dövlət büdcəsindən müstəqil teatra maliyyə və yaxud yer ayrılması üçün Prezident Administrasiyasına, Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər Fonduna, Gənclər və İdman Nazirliyinə və digər qurumlara müraciət etdik. Lakin indiyədək teatrın müraciətinə heç bir dövlət qurumu tərəfindən cavab verilmir və aidiyyəti qurumlar rəsmi müraciətlərimizi cavabsız qoyurlar. 

Biz bu məsələyə hər kəsin diqqət ayırmasını və ölkənin yeganə müstəqil teatrının yer probleminin həllində yaxından iştirak etməsini istəyirik. Bunun üçün hər bir vətəndaş, tamaşaçılarımız müstəqil şəkildə müraciətlər edə və teatra yer verilməsini tələb edə bilər. 

Bildirmək istəyirik ki, dövlət büdcəsi Azərbaycan vətəndaşlarının, teatrımızın daimi tamaşaçılarının və teatr kollektivinin, hər bir kəsin hesabına formalaşıb. Tamaşalarımızı nümayiş etdirmək üçün bizə yer ayrılmasını aidiyyəti qurumlardan tələb edirik. Çünki “ODA” ölkədə fərqli teatr ənənəsinin formalaşmasına xidmət edir. Bunlardan əlavə, ölkədə fəaliyyət göstərən yeganə müstəqil “ODA” Teatrının məkansız qalmasına biganə yanaşan dövlət qurumları “Teatr və teatr haqda” qanunun 4-cü maddəsinin 4.0.1. və 4.0.4. bəndlərini kobud şəkildə pozur. Mədəniyyət və Turizm Nazirliyi yeganə müstəqil teatrın müraciətini cavabsız qoymaqla teatr şəbəkəsinin inkişaf etdirilməsində maraqlı olmadığını, müstəqil teatra dövlət tərəfindən dəstək verilmədiyini açıq şəkildə göstərir. Halbuki adıçəkilən nazirlik hər hansı rəsmi müraciəti gözləmədən teatrın məkansız qalma xəbərini tutan kimi həmin teatrla əlaqə yaratmalı və problemin həllində birbaşa iştirak etməli idi. Bizim müraciətimizin cavabsız qalması ölkədə nazirlik tərəfindən, dövlət qurumları tərəfindən müstəqil teatra laqeyd münasibətin göstəricisidir. 

Bunlar onu göstərir ki, dövlət teatrların inkişafında, ölkədə mədəniyyətin formalaşmasında maraqlı deyil. Biz başda Mədəniyyət və Turizm Nazirliyi olmaqla aidiyyəti qurumları tənqid edir və qısa zamanda teatr aləmində özünəməxsus xətt yaratmış müstəqil “ODA” Teatrının probleminə biganə yanaşılmasını pisləyirik. 

Eyni zamanda media nümayəndələrinin, vətəndaşların, tamaşaçılarımızın məsələni diqqətdə saxlamaqla, ictimai qınaq yaradaraq problemin həlli istiqamətində daha bir addım ata bilərik. 

Bəyanat mediada yayılmaqla bərabər rəsmi qurumlara da göndərilir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->