Okeanların geniş sahələrinin son onilliklərdə getdikcə daha az işıq buraxması və "qaralması” alimlərin diqqətini çəkib. Tədqiqatçılar bildirir ki, bu dəyişikliklər ekosistemləri transformasiya edir və nəticələri hələ tam aydın deyil.
Qaynarinfo "Newscientist" portalına istinadən xəbər verir ki, Böyük Britaniyada yerləşən Plimut Dəniz Laboratoriyasının alimləri Tim Smit və komandası 20 illik peyk məlumatlarını təhlil edərək dünya okeanında işığın nüfuz etmə qabiliyyətində sistemli dəyişikliklər aşkar ediblər.
"Gözlənilmədən müəyyən etdik ki, okeanın təxminən beşdə biri qaralıb. Bu dəyişikliklər təsadüfi deyil, böyük və bir-biri ilə əlaqəli bölgələr şəklində yayılıb", deyə alim bildirib.
Sahil zonalarında bu proses çayların gətirdiyi maddələr, torpaq istifadəsindəki dəyişikliklər və kənd təsərrüfatı gübrələrinin suya qarışması ilə izah olunur. Bu maddələr fitoplanktonun həddindən artıq artmasına səbəb olur və nəticədə suyun şəffaflığı azalır.
Alimlər qeyd edirlər ki, dəyişikliklər təkcə sahil əraziləri ilə məhdudlaşmır və açıq okeanda da müşahidə olunur.
Mütəxəssislərin fikrincə, əsas səbəblərdən biri iqlim dəyişikliyi nəticəsində okean temperaturunun yüksəlməsi, dəniz istilik dalğalarının artması və duzluluğun dəyişməsidir. Bu faktorlar suyun dövranını və bioloji prosesləri dəyişdirir.
Fitoplanktonun inkişafı üçün işıq, temperatur və qida maddələri vacib rol oynayır. Lakin su qatlarının daha sabit hala gəlməsi və qarışmanın azalması bu balansı dəyişir.
"Biz qlobal dövran sistemlərinin dəyişməsi ilə yerli hava şəraitinin birləşərək fitoplankton artımını gücləndirdiyini müşahidə edirik”, deyə Smit bildirib.
Okeanın qaralması suyun üst qatında yaşayan canlıların həyat sahəsini daraldır. Bu isə qida zəncirinə, balıqçılığa və ümumilikdə dəniz ekosistemlərinə təsir edə bilər. Bundan əlavə, alimlər karbon dövranının da zəifləyə biləcəyini bildirirlər. Zooplanktonun daha az dərinliyə enməsi nəticəsində karbonun okeanın dərin qatlarında "saxlanması” azalır və bu da onun yenidən atmosferə qayıtma riskini artırır.
Sahil sularında vəziyyətin yaxşılaşdırılması mümkündür. Kənd təsərrüfatında gübrə istifadəsinin azaldılması və çaylara axan çirkləndiricilərin nəzarətə alınması suyun şəffaflığını bərpa edə bilər.
Lakin açıq okeanda proses daha mürəkkəbdir və alimlərin fikrincə, hətta emissiyalar tam dayandırılsa belə, bərpa prosesi yüzillərlə çəkə bilər.
Aydın
Şərhlər