Bu ilin yanvar-fevral aylarında Azərbaycanın sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası üzrə toplam 5 milyon 56 min manat sığorta haqqı toplayıb.
Bu göstəricinin həcmi 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 74 % və ya 14 milyon 422 min manat azalıb. Ötən ilin ilk iki ayında bu sığorta növü üzrə 19 milyon 478 min manat sığorta haqqı toplanıb.
Ötən iki ayda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərinin həcmi 435 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 34,8 % və ya 232 min manat azdır. 2025-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 667 min manata bərabər olub.
Qeyd edək ki, ötən ilin yanvar-fevral ayında sığorta şirkətləri sözügedən sığorta növü üzrə topladıqları hər 100 manatdan 3.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk ayında bu rəqəm 8.6 manat təşkil edib.
Vətəndaşların bu sığorta növünə marağının azalması nə ilə əlaqədardır?
Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki, daşınmaz əmlak sığortasına marağın azalması sənədləşmə prosesinin əvvəlki kimi aktiv olmaması ilə bağlıdır:
"Daşınmaz əmlak sığortasının azalmasının ilk növbədə səbəbi keçən il sənədsiz evlərin və obyektlərin sənədləşməsi ilə bağlı ölkə başçısının sərəncamının olması idi. Həmin dövrdə ən çox deklarasiya edilən məhz bu proses idi. Əmlakın icbari sığortası sənədləşmə zamanı təqdim edilən sənədlər toplusunda vacib sənədlərdən biridir.
Bu səbəbdən sənədləşmə prosesinin intensiv olduğu dövrdə sığortaya müraciətlərin sayı da artmışdı. Lakin hazırda həmin prosesin tempinin azalması ilə paralel olaraq daşınmaz əmlak sığortasına maraq da nisbətən zəifləyib”.
Ekspert qeyd edib ki, bu sığorta növü daha çox zərurət yarandıqda həyata keçirilir:
"Əmlak sığortasında cərimələrin tam tətbiq olunmamasına görə insanlar bunu daha çox könüllü şəkildə, yaxud sənədləşmə prosesində, alqı-satqı zamanı tələb olunduğu halda həyata keçirirlər.
Qanunvericilikdə İnzibati Xətalar Məcəlləsində və "Sığorta haqqında” Qanunda cərimə tətbiqi nəzərdə tutulsa da, bu mexanizm praktiki olaraq tam və effektiv şəkildə tətbiq olunmadığı üçün vətəndaşlar avtomobillərdə olduğu kimi kütləvi şəkildə deyil, daha çox könüllü şəkildə sığortaya müraciət edirlər.
Daşınmaz əmlak sığortasına marağın azalması həm sənədləşmə prosesinin zəifləməsi, həm də cərimə mexanizminin tam işləməməsi ilə bağlıdır və bu amillər bazarda sığortanın daha çox könüllü xarakter daşımasına gətirib çıxarır”.
Şərhlər