Xəbər lenti

Rusiya qənaətdən imtina edir: Müharibənin maliyyələşdirilməsi arta bilər
Dünya 17:33 04.04.2026

Rusiya qənaətdən imtina edir: Müharibənin maliyyələşdirilməsi arta bilər

2026-cı ilin mart ayında Rusiyanın neft sektorundan gəlirləri kəskin azalsa da, yaxın dövrdə dünya enerji bazarlarında qiymətlərin artması səbəbilə Moskva üçün maliyyə vəziyyəti yaxşılaşa bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Rusiya Maliyyə Nazirliyinin məlumatlarına əsaslanan hesablamalara görə, mart ayında ölkənin neft vergisi gəlirləri ötən illə müqayisədə demək olar ki, yarıbayarı azalıb. Neft və qaz sektorundan federal büdcəyə daxilolmalar isə illik ifadədə təxminən 43 faiz azalaraq 617 milyard rubla düşüb.

Məlumata əsasən, neft şirkətlərinin ödədiyi vergi məbləği 494,9 milyard rubl (6,18 milyard dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azdır.

Analitiklər bunu fevral ayında Urals neftinin qiymətinin aşağı düşməsi ilə izah edirlər. Həmin dövrdə orta qiymət 45 dollar civarında olub ki, bu da Rusiya büdcəsində nəzərdə tutulan 59 dollardan xeyli aşağıdır.

"Bloomberg” qeyd edir ki, Ukraynaya qarşı müharibədən əvvəl Yaxın Şərqdəki gərginliklər enerji bazarında qiymət artımına səbəb olub və bu da Rusiya neftinin yenidən bahalaşmasına gətirib çıxarıb.

Son aylarda Urals neftinin qiymətinin kəskin artması fonunda Rusiya büdcəsinin yenidən gəlir artımı əldə edə biləcəyi bildirilir. Bəzi hallarda Urals neftinin qiyməti Brent markasından da yüksək səviyyəyə qalxıb.

Məlumata görə, bu vəziyyət Asiya bazarlarında Rusiya neftinə tələbi artırıb, xüsusilə Hindistan əsas alıcılardan biri olaraq qalır.

Bununla yanaşı, ABŞ-ın bəzi ölkələrə Rusiya neftinin alınmasına daha geniş imkan verməsi də tələbə təsir göstərib.

"Bloomberg” yazır ki, neft qiymətlərinin yüksəlməsi nəticəsində Moskva büdcə xərclərini kəskin azaltmaq planlarından imtina edə bilər və hətta müharibə davam edərsə, müdafiə xərclərini artırmaq imkanına sahib ola bilər.

Bununla belə, ümumi büdcə gəlirləri və xərclərinin gələcək dinamikası dünya enerji bazarındakı vəziyyətdən və geosiyasi proseslərin inkişafından asılı olacaq.

Qeyd edək ki, daha əvvəl analitiklər Rusiyanın neft şirkətlərinin ciddi gəlir itkisi ilə üzləşdiyini və sektorun "ideall fırtına” şəraitində olduğunu bildirmişdilər.

Aydın

--> -->