"İngilis dilinə olan həvəsimə görə, ali təhsil almaq qərarına gəldim. Lakin imtahanlara heç evdə də hazırlaşmamışam. Universitet məzunu olduqdan sonra isə ibtidai sinif müəllimi kimi fəaliyyətimi davam etdirəcəm”.
Bu sözləri azrdu.az-a açıqlaması zamanı bu il III ixtisas qrupuna imtahan verib oğlu ilə birgə tələbə adını qazanan Kifayət Cabbarova deyib. O, qeyd edib ki, orta ixtisas təhsillidir:
"Əvvəldən ingilis dilinə bir rəğbətim var. Onun üçün bu sahəni seçmişəm. Universitet məzunu olduqdan sonra isə ibtidai sinif müəllimi kimi fəaliyyətimi davam etdirəcəm. Düşünürəm ki, əlavə dil bilgisinin heç bir ziyanı yoxdur. Ali məktəb dərslərinin işimə mane olacağını düşünmürəm. Bundan əvvəl isə ali məktəblərə qəbul imtahanlarında iştirak etməmişəm, elə birinci dəfə idi, o da uğurlu oldu. Çox da fantastik bir bal toplamamışam, amma qeyd edim ki, təxminən, 20 ildi mən bu ixtsas qrupu fənləri ilə məşğul olmuram. İmtahana nə evdə, nə də kurslarda hazırlaşmamışam. Bu illər ərzində, sadəcə, işimlə əlaqədar Azərbaycan dili və riyziyyat ilə ibtidai sinif səviyyəsində məşğul omuşam. Elə oğlum da universitetə xüsusi hazırlaşmayıb”.
Qeyd edək ki, builki qəbul imtahanlarında ana və oğlu eyni vaxtda tələbə adını qazanıblar.
Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub. O, qiyabi formada təhsil alacaq.
Oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.
Şərhlər