Avropada altı fərqli ölkədən gəlmiş elm adamları zamanı indiyə qədər görünməmiş dəqiqliklə ölçmək məqsədilə birgə layihə həyata keçiriblər.
Qaynarinfo xəbər verir ki, bu çərçivədə on optik saat sinxron şəkildə qarşılaşdırılıb və zaman ölçümündəki qeyri-müəyyənliklərin azaldılması hədəflənib. Layihə, optik saatlarla bağlı bu günə qədər reallaşdırılmış ən geniş miqyaslı təcrübələrdən biri hesab olunur.
Optik saatlar nədir?
Atom saatlarının daha təkmil versiyası sayılan optik saatlar, atomların enerji səviyyələri arasında baş verən keçidləri lazerlə ölçərək vaxtı müəyyən edir. Bu texnologiya, ənənəvi sezyum saatlarından qat-qat dəqiq nəticələr təqdim edir. Nəzəri cəhətdən bu saatlar milyardlarla il işləsə belə, sadəcə bir saniyəlik sapma göstərə bilər.
38 fərqli ölçüm, rekord dəqiqlik
Təcrübədə optik saatlar arasında ümumilikdə 38 fərqli tezlik nisbəti ölçülüb. Bu ölçümlərdən dördü daha əvvəl heç vaxt sınaqdan keçirilməmişdi. Bir çox nəticələr isə bu sahədə əldə olunan ən yüksək dəqiqlik səviyyəsinə çatdı. Bu, gələcəkdə zamanın müəyyən olunmasında optik saatların yeni standart kimi qəbul olunacağına dair güclü siqnal hesab olunur.
Yüksək dəqiqlik həyatımızı necə təsir edir?
Britaniyanın Milli Fizika Laboratoriyasından Helen Marqolis, bu saatların yalnız elmi deyil, gündəlik həyat üçün də böyük əhəmiyyət daşıdığını vurğulayır: "Bu dəqiq zaman siqnalları GPS sistemlərindən tutmuş maliyyə əməliyyatlarının sinxron aparılmasına qədər bir çox sahədə həyati rol oynayır".
Birləşdirmə üsulları və texniki çətinliklər
Saatlar arasındakı əlaqəni təmin etmək isə asan olmayıb. Alimlər bu məqsədlə iki əsas metoddan istifadə ediblər: GPS siqnalları və xüsusi olaraq çəkilmiş optik fiber xətləri. GPS siqnalları geniş əhatə təmin etsə də, siqnaldakı təhriflər dəqiqliyə mənfi təsir göstərib. Bunun əksinə olaraq, Fransa, Almaniya və İtaliyadakı laboratoriyalar arasında çəkilmiş fiber xətlər, qısa məsafədə daha aşağı qeyri-müəyyənliklə ölçməyə imkan verib. Eyni binada yerləşən saatlar isə qısa fiber kabellərlə birləşdirilərək daha dəqiq nəticələr verib.
Fərqliliklər və uyğunsuzluqlar da araşdırılıb
"Optica” elmi jurnalında dərc olunan məqaləyə əsasən, tədqiqatçılar yalnız saatların uyumunu deyil, eyni zamanda fərqli sistemlər arasında yaranan tezlik fərqlərini də analiz ediblər. Bu sayədə potensial uyğunsuzluqlar və təkrarlanan nümunələr müəyyənləşdirilib. İtaliya Milli Metrologiya İnstitutundan Marko Pitsokaro qeyd edib ki, bu eksperiment, optik saatların beynəlxalq zaman standartlarına daxil edilməsinə nə qədər yaxınlaşdığını göstərir.
"Paylanmış laboratoriya” konsepti
Layihə iştirakçıları bu çoxmillətli sistemi "paylanmış laboratoriya” kimi təsvir edirlər. Bu sistem yalnız zaman ölçmələri üçün deyil, həm də kainatdakı qaranlıq maddə kimi fundamental elmi suallara cavab axtarışında da istifadə edilə bilər.
Britaniyanın NPL laboratoriyasından Reyçel Qodun bildirir ki, bütün nəticələr gözlənildiyi kimi alınmasa da, bu ölçüdə bir sistemdə problemləri müəyyənləşdirmək daha asandır. "Bəzi uyğunsuzluqlarla qarşılaşdıq", deyən Qodun fərqli bağlantı üsullarının bu problemlərin mənbəyini tapmağa kömək etdiyini əlavə edib.
Gələcəkdə rəsmi zaman ölçüsü dəyişə bilərmi?
Tədqiqatçılar bu texnologiyanın daha da inkişafı ilə gələcəkdə rəsmi zaman ölçüsü üçün optik saatların əsas seçimi olacağı ehtimalını real hesab edirlər. Finlandiyadakı VTT MIKES təşkilatından Tomas Lindvall bildirib ki, bu cür koordinasiyalı ölçmələr nəticələrin etibarlılığını və təkrarlanabilirliyini artırır.
Aydın
Şərhlər