Xəbər lenti

Sənət 13:12 05.06.2018

"Bunun həmişə xəyalını qurmuşam" (MÜSAHİBƏ)

İndi başa düşürəm ki, xatirə dəftərlərini əslində bir-birimizi anlamaq üçün tuturmuşuq. Verdiyimiz suallarla əslində bizə maraqlı olan insanın fikirlərini öyrənmək istəyirmişik, amma hansı sualın cavabını kimdən istədiyimiz bilinməsin deyə araya "sevdiyin rəng?”, "hansı yeməyi xoşlayırsan?” kimi suallar sıxışdırmışıq. Əslində isə bilmək istədiyimiz "qızla oğlanın dostluğuna necə baxırsan?”, "sevgilin var? (varsa, adını yaz)” idi. Uzun sözün qısası, indi sizə "xatirə dəftərimdən” bir səhifəni, yeniyetmə şair Rəşad Nağı Mustafanın cavablarını təqdim edəcəyəm. Niyə yeniyetmə? Bunu özü istədi: "Mənə gənc şair deməzsən. Yeniyetmə de, uşaq de, amma gənc demə”, - dedi. Demə demə də. 

-Adın, Soyadın.
-Rəşad Mustafayev.

-Doğum tarixin?
-13.06.1991

-Hobbin? 
-Yoxdu. 

-Ən böyük arzun?
-Böyük arzum yoxdu. Hamsı balaca-balaca arzulardı.

-Böyüyəndə nə olmaq istəyirsən? 
-Böyümək istəmirəm. 

-Xoşladığın yemək? 
-Badımcan dolması (mütləq noxud və quyruq ilə), yarpaq dolması.

-Sevdiyin rəng? 
-Qırmızı, qəhvəyi.

-1 milyonun olsa, neyləyərdin?
-200.000-nin sənə verərdim (vermədi). Deyim ki, bunun həmişə xəyalını qurmuşam. 1 milyonum olsa, nəyə xərcləyərdim... "Avtoqraf” klubun inkişafına xərcləyərdim. Bunu sevə-sevə edərdim. Sonra xəyalımdakı evi alardım. Orada anamın arzusunu həyata keçirərdim. Həmişə deyir ki, istəyirəm böyük bir otaq olsun, orada hər tərəf xalçalar, döşəkçələrlə döşənsin və ora mənim otağım olsun. Başqa da uşaqlıqdan ürəyimdə nə arzum qalıbsa, hamısını həyata keçirərdim. 

-Kimsəsiz adaya düşsən, özünlə götürmək istədiyin 3 şey nə olar? 
-Birinci Qurani Kərim, ikincisi əynimdəki jilet, üçüncü isə toyuğun döş əti. Soyuducudan yağlı-yağlı götürüb çörəyin arasına qoyub orada yeyərdim. (Amma bilin ki, əvvəl başqa şey demişdi. Çox heyif sizinlə paylaşa bilməyəcəyəm.)

-Dostluq nədir? 
-Dostluq Allahdan əvvəlki mərhələdir.

-Ən yaxın dostun kimdir? 
-Təbriz.

-Sevgi nədir? 
-Bağlılıqla ehtirasın vəhdətidir.

-Oğlanla qız dostluğuna necə baxırsan?
-Baxmıram.

-Sevdiyin var? Varsa, adı...
-Yəqin ki, var. Adlar şeirlərimdə var da: Günel, Aysel, Günay...
 


Çalışdım hamınızın "xatirə dəftəri"ndən bir sual verim. Kənarda qalan oldusa, üzrlü saysın. Vermək istədiyiniz sual olsa, bir yerə qeyd edin. Mütləq nəzərə alacağam. İndi isə keçirəm öz dəftərimin suallarına:  

-Uşaq olanda neçə yaşın var idi? 
-Uşaq olmağa 13 yaşımdan başlamışam. Hələ də davam edir. 

-Günahkarı olduğun ən böyük günahın?
-Sirrdi.

-Hansı şeirin müəllifi olmaq istəyərdin?
-Allah, nə var, nə yox? 
Məndən nə xəbər var?
Gecələri özüm sayaram, üzümə açılacaq neçə səhər var? 
Bəyənəcəksənmi məni, bəndəni hansı gözlə görəcəksən? 
Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?
(Vaqif Səmədoğlu)

-"Vikipediya"nda nə mütləq yazılmalıdı? 
-Ayaqqabı razmerim. (42)

-Birini zəhərləmək istəyirsən. Dərmanlarla daha asandı, sözlə?
-İkisindən eyni vaxtda istifadə etmək daha effektli olar. Ona görə də zəhəri içirib sonrasında da bu mahnını oxuyaram: 
 
Ölüm bu dünyanın o üzündədi
Bu üzü dünyanın güldü, çiçəkdi. 

-Bu gün səni nə güldürür? 
-Ədəbiyyatımızın hazırki vəziyyətinə gülürəm, yaşlı nəslin gənc nəslə qarşı qısqanclığına gülürəm. Gənc nəsli qəbul edə bilmirlər. Düzdü, dəstək olanlar da var. Amma əksəriyyət istəmir. Tarixdə elə yazarlar, şairlər yaşayıb ki, çox tanınıblar və bu gün də tanınmağa davam edirlər. Amma buna tək səbəb odur ki, o dövrdə bizlər olmamışıq. Məsələn, Sərdar Amin, Ömər Xəyyam, Elvin Paşa, Amin Sükut, Elşən Mehdinin özü və s. Çox sadalamaq olar. 

-Səni tanımayan birinə şairliyini göstərmək istəyirsən. Bu hansı şeirlə olardı? 
-Yenə sizin küçəni qarış-qarış gəzmişəm,
Deməli 13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it.
Ağaca söykənmişəm, işığa göz dikirəm, itlərlə danışıram.
Səni unutmaq üçün bundan yaxşı şərait? 
Küçənizin başında bir məscid də var hələ, 
Azanı eşidəndə dilimin altda bir az zümzümə eləyirəm
Bu sirli çağırışı uşaqların dilinə tərcümə eləyirəm... 
Ax bu yeniyetmələr!!! Ax bu yeniyetmələr!!!
Məscidin hasarında
"Günel, səni sevirəm" "Günel, məni bağışla" "Günel, çox darıxmışam" qırmızı, ağ yazılar... 
Quşlar divardan məktub götürə bilmir axı, 
Alın yazılarını bura nahaq yazırlar... 
Görəsən minarədən özümü yerə atsam mənə günah yazılar?
İstəyirəm qışqırım küçənin ortasında:
"Günel, o səni sevir" "Günel, onu bağışla" "Günel, o çox darıxıb" 
Səni görsəm qorxuram Günel deyim karıxıb. 
Hava da ki çox isti, ürəyim də sıxılır, 
Eh bu darıxmaq da ki, yığıb məni boğaza.
Siqaret də qutarıb, 
Tərsliyə bax mən çəkən siqaretdən də satmır küçədəki mağaza.
Məndən 5-6 ağac o tərəfdə bir nəfər bir ağaca söykənib,
işığa gözün dikib, itlər ilə danışır. 
Dərindən nəfəs alır
Deyəsən o Günel də sizin küçədə qalır....

-Ruhunun qidası?
-Zikr.

-Rəşaddan nə gözləyək? 
-Heç nə. Rəşad hal-hazırda yaradıcılıqla bağlı heç nə etmir. Daha ciddi işlərlə məşğuldu. Məsələn, pul qazanır. 

Nərmin Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->