Siyasət 16:01 15.09.2020

“Ordu-xalq arasındakı bağı dezinformasiyalar ilə qırmaq istəyirlər”

"Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması mümkün olmadığı təqdirdə, münaqişənin müharibə yolu ilə həlli qaçılmazdır. Belə olan halda, hər birimiz həmrəy olmalıyıq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədr müavini, Qarabağ müharibəsinin veteranı Məhərrəm İsmayılov deyib.

Onun sözlərinə görə, hər bir azərbaycanlı son damla qanına kimi Azərbaycan Ordusunun yanındadır:

"Heç vaxt müharibə ilə alınan torpaqlar sülh yolu ilə qaytarılmayıb. Ona görə də biz bütün imkanlarımızla səfərbər olmalıyıq. Əminəm ki, müharibə başlayarsa, hər bir azərbaycanlı hərbçisinin ön cəbhədə çətinlik çəkməməsi üçün öz gücünü, dəstəyini göstərəcək. Eyni zamanda, ordumuzla bağlı yaradılan hansısa qarayaxma kampaniyasının iştirakçısı olanlara, ermənilərə dəstək verənlərə, Xocalı soyqırımını, bir milyondan artıq qaçqınını və məcburi köçkününü unudanlara qarşı birgə mübarizə aparmaq lazımdır. Belə bir vaxtda məqsədyönlü şəkildə ordu rəhbərliyi hədəf götürülür. Antimilli qüvvələr orduya olan inamı sarsıtmaq, cəmiyyətdə yaranmış ruh yüksəkliyini azaltmaq istəyirlər. Biz buna imkan verməməliyik”. 

M. İsmayılovun fikrincə, torpaqlarımız ən qısa vaxtda qaytarılacaq: 

"Bu gün ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərmir. 30 ildir həmsədr dövlətlər eyni mövqe sərgiləyərək, işğalçı Ermənistanı dəstəkləyirlər. Buna görə də mən münaqişənin həllini yalnız müharibədə görürəm. Bu gün cəmiyyət Ali Baş Komandanın ətrafında sıx birləşib, ona inanır. Lakin bəzi qüvvələr bu münasibəti dəyişmək istəyirlər. Ona görə də ordu-xalq arasındakı bağı dezinformasiyalar, böhtanlarla qırmaq istəyirlər”.