Dilqəm Əhməd“Bir vaxt bu xatiratı kitab şəklində çap etdirəcəyəm. Bunu hər kəs oxuyub çar hökumətinin nə qədər həyasız və zalım bir hökumət olduğunu anlayacaqdır”.
Bu sözləri Məmməd Səid Ordubadi Bayıl həbsxanasında Bakının məşhur qoçularından Ağakərimə deyir.
Yazıçı, bir müddət siyasi fəaliyyətlə məşğul olan M.S.Ordubadinin “Həyatım və mühitim” əsəri təkcə bir ədibin memuarı deyil, həmçinin bir dönəmin tarixi bilgilərinin toplandığı kitabdır.
Ordubadi xatirələrində doğulduğu kənddə mollaların siyahısı, qadınların ləqəbləri, buğdanın qiymətinə qədər ən xırda detalları qeyd edib.
O, hadisələrə 1838-ci ildən başlayıb. Bu elə bir dönəmdir ki, ermənilər Ordubad da daxil olmaqla Naxçıvana köçürülüb, İrana yaxın olduğuna görə ərazidə məzhəb qarşıdurmaları gedir, əhali yoxsulluq və zülm içərisində yaşayır.
Məmməd Səid isə bu istismarçıların kimlər olduğunu ətraflı şəkildə yazır:
“1838-ci ildə Ordubad şəhərinin istismarçıları bunlardan ibarət idi: molla (75 nəfər), axund (üç nəfər, müctəhid və vaiz), seyid (30 nəfər), xan (1 nəfər, bu idarəedici xandır, başqaları bura daxil deyil), bəy və s. əyan sinfi (60 nəfər), xan nökəri (10 nəfər)”.
Bu cür istismarçıların olduğu yerdə Səidin atası da kasıbçılıqdan zülm çəkir, şair olduğundan ağalara şeir yazıb ailəsini dolandırmağa çalışır. Amma şeir hər dəfə çörək qazandırmırdı...
“Bu kağızı aparıb Mənsur ağa adlı bir cavan vardır-onu tapıb verərsən, cavabını alıb gələrsən...Məktubu ona verdim. Alıb oxudu...Oxuyub qurtardıqdan sonra mənə bir söz demədi. Kağızı palçığın üstünə atıb tapdaladı və keçib getdi. Mən kağızı palçığa batmış bir halda yerdən qaldırdım. Bu halda atamın səmimi rəfiqi və əncümən üzvlərindən Məşədi Həsən dabbağ gəldi. Kağızı məndən aldı. Ağarəsul əttarın dükanında ucadan oxudu. Onların hər ikisi ağladılar. Mən sonra bildim ki, atam Mənsur ağaya tərif yazıb aclığını bildirmişdi. Dəbbağ Həsən bir dəsmalın ucuna pul düyünlədi və evimizə qədər yola saldı. Atam bu cür məktublardan bir çoxuna göndərirdi. Lakin yardım ala bilmirdi”.
Atası səfalət içində dünyasını dəyişəndən sonra anası və Səidin özü həmin ərəfədə Ordubadda inkişaf etməyə başlayan ipək fabriklərində çalışmağa başlayır. “Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt 14 yaşım vardı. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim”. Ordubadi xatirələrində həmin dövrdə ipək ticarətinin durumu, rəqabət aparanlar haqqında müfəssəl məlumatlar verir.
O, bir neçə ipək fabrikində çalışır, bununla yanaşı həm də yeni tipli məktəbdə oxuyur, ilk şeirlərini yazırdı.
1904-cü ildə Ordubadi “Qəflət” adlı əsərini yazır. Əsər iki il sonra Tiflisdə “Qeyrət” mətbəəsində dərc olunur. Bu əsər Səid haqqında Ordubadda şayiələrin yayılmasına səbəb olur. O, bəhailiyi təbliğ etməkdə tənqid olunur, məscidlərdə haqqında mənfi fikirlər səslənir.
Ordubadi 1905-ci il erməni-müsəlman davasına da aydınlıq gətirir. Digər aydınlar kimi o da əslində bu davanın çar hökuməti tərəfindən imperiyada başlanan inqilabların qarşısını almaq üçün yaradıldığını qeyd edir və general Əlixanovun (Məsud bəy Avarski) əhaliyə dediklərini yazır: “Birinizi öldürsələr, beşini öldürünüz”.
“Molla Nəsrəddin” çap ediləndən sonra Ordubadi jurnalla əməkdaşlıq etməyə başlayır: ““Molla Nəsrəddində birinci olaraq “Hərdəmxəyal” imzası ilə yazdım...Faiq əfəndi “Qəflət” və “Vətən və hürriyyət”i çap etdirdikdən sonra mənə çox səmimiyyət bəsləyir və sevirdi”.
Lakin həmvətənləri ona bu səmimiyyəti bəsləmirdi. Mollaların, gericilik tərəfdarlarının təzyiqinə uğrayan Səid Culfaya köçməyə məcbur olur. Ordubadda eşitdiyi son söz belə olur: “Bir-iki il bundan əvvəl cəhənnəm olub buradan getsəydin, şəhərdəki dinsizlərin sayı azalardı”.
***
Culfa mühiti Səidi daha bir təlatümün içərisinə qərq edir. Bu təlatüm İran inqilabı idi. O, burada İran inqilabına kömək edən təşkilatın üzvləri ilə tanış olur, inqilabda iştirak edir, sosial-demokrat təşkilatı "Hümmət"in Culfa təşkilatına daxil olur. Xatiratında Culfada, Xoyda kimlərlə görüşməsi, I Dünya müharibəsi dönəmində İrandakı vəziyyət ətraflı şəkildə qeyd olunur. Xüsusən, burada bəhai ailəsində olması, zorla evləndirilən Bəhiyyəyə kömək etməsi maraqlı səhifələrdəndir.
Amma onun bu ərəfədə gördüyü işlərdən ən ilginci ermənilərin rəhbərlərindən Androniklə görüşməsidir.
Belə ki, Andronik Osmanlıdan Naxçıvana keçərək burada qırğın hazırlamağı planlaşdırırdı. Həmin ərəfədə Ordubadi siyasi proseslərin içərisində idi və onun gəlməsini eşidib görüşməyi qərara alır.
“Mühüm müsafirlər ilə müsahibə etmək üçün Haşım bəy Vəzirov mənə müxbirlik vəsiqəsi göndərmişdi. Mən həmin vəsiqə ilə Andronik ilə müsahibə üçün Abramovun mülkünə getdim....
Mən qəhvəni əlimə aldıqda o:
- Əfv edərsiniz. Əcəmmisiniz? Qafqazlımısınız?
- Qafqazlıyam, qafqazlı olduğum üçün də yanınıza gəlmişəm.
- Qafqaz hüduduna keçdiyimdən bəri birinci olaraq görüşümə bir türkün gəldiyindən ziyadəsilə məmnunəm. Bununla bərabər, etdiyimiz müsahibənin qəzetə göndərilməməsini də arzu edirəm. Söhbətimizdə mətbuata yarayacaq bir mahiyyət olmadığı bəllidir.
- Əcəba, mühüm müsahibədə bulunmaq olmazmı?
- İştə mənim dediyim budur. Mühüm söhbətlərin mətbuat səhifəsinə girməyin vaxtı hələ yetişməmişdir”.
Ordubadi Androniklə söhbətini mətbuatda dərc edə bilməsə də, xatirədə ətraflı şəkildə qeyd edir.
***
Xatirələrdə maraqlı hissələrdən biri də Səidin Raya adlı bir qızla tanış olması, Rayanın onun uğrunda ölümə qədər getməsidir. Belə ki, Səid Culfada olarkən “Anqliya” mehmanxanasında qarşı odadan ağlamaq səsi eşidir. Otel sahibi ilə otağa daxil olduqda iki polis, bir qadın və ağlayan iki qız görürlər. Məlum olur ki, qadın iki qızı ailələrindən pulla alıb: “Müqavilələr oxunduqda məlum oldu ki, Rostov sakinləri Semyon Anisov 19 yaşında olan qızı Rayanı, Beqlisov isə qızı Lidanı 50 manat alıb Samtred sakini Manya Alekseyevaya vermişdir”.
Məlum olur ki, I Dünya müharibəsinin gətirdiyi səfalət ailələrin bu addımına səbəb olub. Lakin onları alan qadın qızları işləməyə deyil, fahişəliyə sürükləyib.
Orduabdi 200 manat pul verərək qızları fahişəlikdən xilas edir. Raya az sonra polkovnik Ştraubenin evində qulluqçuluğa başlayır, Lida isə otelin sahibi Surenə ərə gedir.
Səid Rayaya ikinci dəfə elə polkovnikin evində rast gəlir. Çünki artıq Səid çar hökumətinin əleyhinə fəaliyyət göstərən şəxs hesab olunurdu. Artıq onun haqqında dosya hazırlanmışdı.
Səid dönəmin Qafqaz canişini Vorontsov-Daşkovun əmri ilə savaş bitənə qədər Saritsın şəhərinə sürgün edilir.
***
Əvvəlcə o, Naxçıvan həbsxanasına göndərilir. Ordubadi sürgün illərində olduğu həbsxanaların hamısında gördüyü iyrənclikləri detallarına qədər anladır. İnsanların kütləvi və qısa bir müddətə subaşına çıxarılması, qarın xəstəliyi olanlara təzyiqlərin göstərilməsi, nəzarətçilərin qadın məhbusları gecələr pristavlar, bəylər üçün aparmaları və ya onların elə öz hücrələrində zorlanmalarına şərait yaratmalarını qeyd edir. Xüsusən, Mələknisənin taleyi olduqca acınacaqlıdır.
“Onun hər bir yerişi nə qədər təhqir edildiyini, vəhşi qucaqlardan yorulduğunu göstərirdi”.
Mələknisə nəhayət bu zorakılıqlara dözməyərək intihar edir. Amma bu intihar şübhəli idi. Əslində o, sonuncu dəfə zorlandıqdan sonra asılaraq öldürülmüşdü. Ordubadi bu məhbus qadınlara kömək etməyə çalışır, amma vəhşi sistem ona istədiyinə çatmasına imkan vermir.
Burada həbsxanada olduğu müddətdə Ordubadi Rayadan məktublar alır. Raya məktubunda polkovnikin yanından ayrıldığını, vətəni Rostova dönəcəyini, Sarıtsinə Rostovdan keçəcəklərinə görə Səidlə orada görüşə biləcəyini yazır. Onlar həqiqətən görüşürlər...Buna qədər isə Səidi ağır günlər gözləyirdi.
Ordubadi Tiflis həbsxanasında yaşanan iyrəncliklər haqqında da məlumat verir. Müharibənin məhbəslərdə homoseksualizmə səbəb olduğunu yazır. Belə ki, burada qaldığı məhbəsə 32 nəfər, yaşları 18-20 arası olan rus uşaqlar da salınmışdı. Onlar müharibənin gətirdiyi səfalətə görə oğurluq etdiklərindən həbs olunmuşdular.
“Çoxdan bəri qadından və azad həyatdan ayrılmış, müsəlman əxlaqsızlıqlarından təşkil edilmiş bu həyasız kütlə bədbəxt uşaqların üzərindən olmazın həyasızlığı yapırdılar. Hər bir uşaq gecədə heç olmasa 6-7 nəfər caninin şəhvətini soyutmağa məcbur olurdu. Qoyulan qaydaya görə, hər bir uşaq bu gecə kimin yanında yatacağını vaxt ikən düzəldilmiş şifahi cədvəl üzrə bilirdi...Bunların içərisində ən gözəli Jorka ilə Volodya idi. Bunlara həbsxananın qoluzorbalıları sahiblənmişdi. Volodyanı iranlı Məşədi Hüseyn, Jorkanı isə Baqrat saxlayırdı”
...Tiflis həbsxanasından sonra Ordubadi Bakıya Bayıl həbsxanasına göndərilir.
Burada o, həbsxanaya düşmüş Bakı qoçuları Teymurla, Ağakərimin himayəsində qalır. Belə ki, Ordubadini tanıyan qoçular onu öz hücrələrinə yerləşdirir, rahat olması üçün hər cür şəraiti yaradırlar. Ordubadi çar məmurlarının bu qoçuların qarşısında necə tir-tir əsdiklərini, əslində həbsxananın sahiblərinin qoçular olduğunu yazır. Hər gün qoçulara çöldən cürbəcür yeməklər gəlir, qoçular öz adamlarını həbxsanaya çağıraraq onlara əmrlərini verir, məhbuslara yardım edir, həbsxanada öz qayda-qanunlarını tətbiq edirlər.
***
...Nəhayət, məhbuslar Rostov stansiyasına çatırlar.
“Vaqondan düşdük. Ətrafda qadın və kişilər də vardı. Bir səs eşitdim:
- Odur, özüdür, uzunboylu, qabaqda dördüncü məhbus”.
O, Raya idi.
Burada qaldığı müddətdə Səid müxtəlif yerlərdə işlədilsə də, Rayanı tez-tez görə bilirdi. Raya ona aşiq olmuşdu. Hər gün onu görməyə çalışırdı. Lakin günlərin birində Raya həbs olunur.
“Mənə nə olubsa, polkovnik Ştraubedən olub. Çünki o alçaq məni sevirdi. Mən isə onunla yaşamaq istəmədim”.
Çar həbsxanalarında qadınların başına gətirilən faciə isə Səidə bəlli idi. Ona görə də o, bu hadisəni dəhşət içində qarşılayır...
Nəhayət, Səid sürgün olunacağı Sarıtsin şəhərinə çatır. Sürgündə yaşayan Səid burada 50 manat rüşvətlə pasportunu əldə edir və Rostova qayıdaraq Rayanı ziyarət edir. Raya isə dəlixanaya salınmışdı...
Bir il sonra Rayanın anasından Səidə məktub gəlir:
“Raya son vaxtlar tez-tez bayılırdı. Zəifləmişdi, solmuşdu, xəstəliyi artmışdı. Daima vəhşətlənərək, “budur, yenə də gəldilər” – deyə qışqırır və bağırırdı”...
Səid anlamışdı, Mələknisənin başına gətirilənlər onun da başına gətirilmişdi. O, son dəfə bayılandan sonra ayılmamışdı.
...”Rayanın qəbri üstə bir dəstə gül qoyub qayıtdım. İndi də o gül və bir yığın torpaqdan ibarət olan qəbir gözümün önündədir”.
Bolşeviklərin qələbə qazanmasından sonra Səidin sürgün illəri də bitir. O, əvvəlcə Həştərxana gəlir, burada, Teymurxanşurada çalışdıqdan sonra Bakıya getməyə qərar verir. Çünki artıq Bakı da bolşeviklərin əlində idi.
“O günlər “Əxbar” qəzeti çıxırdı. Mən Bakıya gələndən iki gün sonra həmin qəzetə müdir müavini təyin olundum”.
Kult.az
Şərhlər