Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk "Helena Vaz da Silva Avropa Mükafatı"na layiq görüldü.
Qaynar.info-nun "oxazali.az"-a istinadla verdiyi xəbərə görə, mükafat ona Avropa mədəni irsinə verdiyi töhvələrə, Türkiyə mədəniyyəti və tarixindən yola çıxan əsərlərində Avropa dəyərlərini bacarıqla ifadə etdiyinə, həmin dəyərləri coğrafi sərhədlərdən kənara daşıya bildiyinə görə verilib.
Münsiflər Heyətinin rəhbəri Guilherme d’Oliveira Martins deyib ki, Pamuk zəmanəmizin ən önəmli yazarlarından biri olmaqla yanaşı həm də məsuliyyətli vətəndaşdır. O, Avropanın çoxkültürlü tarixini dünyanın ən önəmli şəhərlərindən olan İstanbulu mərkəz seçərək anlatmaqla Avropa mədəni irsinə töhvə verib.
Mükafat 50 ildən çoxdur fəaliyyət göstərən Europa Nostra beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən verilib. Təşkilat Avropa mədəniyyətinin qorunması və təbliği ilə məşğuldur. Rəhbəri məşhur opera müğənni Plasido Dominqodur.
Mükafat Pamuka bu il oktyabrın 3-də Portuqaliyanın paytaxtı Lissabonda təqdim ediləcək.
Qaynar.info
Şərhlər