Xəbər lenti

Orxan Camalı ölümə aparan gizli araşdırma:
Dünya 20:05 29.09.2018

Orxan Camalı ölümə aparan gizli araşdırma: "Dedim ki, artıq dayanmaq lazımdır"

Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın və qrupunun Mərkəzi Afrika Respublikasında qətlə yetirilməsinin əsl motivi üzə çıxmaqdadır.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistin 2018-ci ilin fevralından gizli araşdırma üzərində işlədiyi məlum olub. "Dojd” telekanalının bildirdiyinə görə Camal Rusiyadan Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən özəl hərbi şirkətlərə qeyri-leqal silah təchizatını araşdırırmış. Bu haqda Orxan Camalın Rusiya güc strukturlarında işləyən yaxın dostu və eyni zamanda jurnalistin mənbələrindən biri danışıb.



Orxan Camal, Kiril RastorquyevAleksandr Radçenko bu ilin iyul ayında "Vaqnerin ordusu” kimi tanınan özəl hərbi şirkətin Mərkəzi Afrika Respublikasındakı fəaliyyətini araşdırmaq üçün həmin ölkəyə yollanıblar. İki gün sonra jurnalistlər müəmmalı şəraitdə güllələnib.

Telekanalın məlumatına görə Camal həmin missiyadan ayrıca nəsə mövzu üzərində işləyirdi və bu haqda heç kimə danışmırdı. "Dojd” jurnalistin Federal Təhlükəsizlik Xidmətində işləyən dostu və məlumat mənbəyi ilə söhbətləşə bilib. Həmin mənbə jurnalistə silah təchizatı barədə məsləhətlər verib. Onlar mövzunu ilk dəfə 2018-ci ilin fevralında, Suriyada ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində yüzlərlə rusiyalı muzdlunun öldürülməsindən sonra müzakirə ediblər.



"O soruşdu ki, Rusiya özəl hərbi şirkətlərinə, o cümlədən "Vaqnerin ordusu”una silahlar necə çatdırılır. İnformasiyanın bir hissəsini mən onunla bölüşdüm, sonra digər mənbələrdən əlavə informasiyalar daxil olduqca Orxan onların nə dərəcədə dəqiq olduğunu məndən soruşurdu. Mən ona elə səviyyədə məlumatlar verdim ki, Orxanı təmizləməsinlər: izah etdim ki, yəqin bu mərhələdə dayanmaq lazımdır. Təəsüf ki, o məni eşitmədi”-mənbə deyib.

Bildirilir ki, Camalı əsasən özəl hərbi şirkətlərə silahların hansı əsasla ötürüldüyü və habelə təchizatın logistikası ilə maraqlanırdı.



Jurnalist Müdafiə Nazirliyindəki mənbə ilə də ünsiyyətdə olub, öyrənib ki, onların Mərkəzi Afrika Respublikasında ezamiyyəti dövründə Rusiya Müdafiə Nazirliyi həmin ölkədəki özəl hərbi şirkətin muzdlularına silah verəcək. Camal Mərkəzi Afrika Respublikasında muzdlulara silah verilməsini kameralara çəkmək istəyirmiş.

MAR-a silah embarqosuna baxmayaraq Rusiya BMT-dən bu ölkəyə silah vermək üçün icazə alıb, habelə ora hərbi təlimatçılar göndərib. BMT Təhlükəsizlik Şurasının iyulun 23-də təqdim etdiyi məruzədə göstərilir ki, Rusiyadan MAR hökumətinə silahların daxil olması üsyançı qruplaşmalar arasında yenidən silahlanma dalğasını başladıb.



Orxan Camalın dostu və həmkarı Nadejda Kevorkova isə deyib ki, ölümündən bir neçə həftə əvvəl o həbs edilə biləcəyi haqda danışırdı. Jurnalistin daha bir dostu isə xatırlayıb ki, MAR-a səfərdən bir neçə gün əvvəl Orxan telefonunun dinlənildiyini deyib və ondan imtina edib.

Rusiya Müdafiə Nazirliyinin zabiti adının çəkilməməsi şərti ilə danışıb ki, MAR-da Camalın çəkiliş qrupunun öldürülməsindən sonra nazirlikdə həmin ölkə barədə bütün məlumatlar üzərində məxfilik dərəcəsi artırılıb. "Məruzələrdə Türkiyə, Suriya, Donbass haqda yazırlar, amma MAR barədə bir kəlmə də yox. Əksinə, ora silahlar və mütəxəssislər bir ucdan göndərilir. MAR-da indi demək olar Suriyadakı kimi atırlar. Bütün ölkə bizim silahlarla yenidən silahlanır”-mənbə deyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->