Siyasət 11:21 26.07.2021

Otuz il suyu bulandırandan sonra...

Hüseynbala Səlimov

"Minsk Qrupu mənasız quruma çevrilib” – maraqlısı budur ki, belə fikirlər artıq əcnəbi nəşrlərdə yer alır və maraqlı olduğu qədər də təəccüblüsü budur ki, Minsk Qrupunun yaradılmasından demək olar, otuz il keçib və yalnız indi hamı başa düşməyə başlayıb ki, bu otuz ildə qurum heç olmasa otuz qarış yerin azad olmasına nail ola bilməyib.

Bəli, dünyada onlarla münaqişələr var, onların həlli üçün onlarla formatlar qurulur, illər keçir, amma bu formatların işi təftiş olunmur. 

BMT Qarabağ probleminin həllini ATƏT-in Minsk Qrupuna həvalə etmişdi. Di gəl, bircə dəfə belə olsun, BMT-də bu məsələ ilə bağlı dinləmə keçırildimi, ATƏT həmsədrlərinin məruzəsi dinlənildimi? Təəssüf və bir daha təəssüf! BMT-də bir dəfə səsvermə oldu və onda da həmsədrlər öz bəyanatlarına rəğmən, Azərbaycanın ərazi bütövlüyünə dəstək vermədilər. Elə bu yaxınlarda həmsədr ölkələrin səfirləri Şuşaya səfər etməkdən imtina etdilər...

İndi erməni tərəfi çalışır ki, Minsk Qrupunu yenidən diplomatik dövriyyəyə qaytarsın. Amma fəqrli yanaşmalar da və bu yanaşmalar fərqli formatlar təklif edir. Məsələn, Türkiyə prezidenti "altılıq format” təklif edir və bu format regionun altı dövlətinin iştirakını nəzərdə tutur.  

Elə əvvəldən deyilirdi ki, probelm öz həllini regional çərçivədə tapacaq. Amma burada bir məqamı qeyd etmək lazım gəlir. Ara-bir belə fikirlər səslənir ki, guya İranın ruhani lideri və dövlət başçısı deyəndən sonra ki, Qarabağ Azərbaycanındır, bizim ordu uğurlar qazanmağa başladı. Halbuki belə deyil. 

Azərbaycana dəstəyinə görə birinci yerdə Türkiyənin adını çəkmək lazım gəlir. İkinci yerdə Pakistandır. Əlbəttə ki, Moskvanın da neytral qalması çox böyük məsələləri həll etdi. O ki qaldı qonşu İranın bəyanatına, əlbəttə, də bu, da önəmli idi. Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünə dəstək verən bütün dövlətlər bizim üçün əziz və hörmətlidir. 

Biz elə Minsk Qrupunun da səylərindən tamamilə imtina etmirik. Minaların zərərsizləşdirilməsi, sülh prosesinin dərinləşməsi - əgər onlar buna yardımçı olmaq istəyirlərsə, buyursunlar, yoxsa Fransa kimi suyu bulandırmaq istəyirlərsə, onda alınmayacaq...

Əlbəttə, biz Rusiya sarıdan da tamam arxayın deyilik. Əvvəldən də sülhməramlıların beynəlxalq tərkibli olmasını istəmişik. Amma biz həm də realistik və Rusiyanın münaqişədə hamıdan böyük təsirə və rola malik olmasının fərqindəyik. Başqa sülhməramlılar vəziyyəti nəzarətə götürməyə çətinlik çəkəcəkdilər, açığı, Moskva buna mane olacaqdı...

Elə rusiyalı sülhməramlılardan da artıq xeyli narazılıq var. Bir əsgərimiz elə bu yaxınlarda şəhid oldu... 

Hara baxır Rusiyanın sülhməramlıları? Doğrusu, bu suala heç də həmişə adekvat cavab vermək olmur. 

Üstəlik, sülhməramlıların iştirakı hələ ki tərəflərin razılığı ilə şərtləndirilir. Amma aydındır ki, onlar burada əbədi qala bilməzlər, hətta tərəflər formal olaraq buna qarşı olmasa da. Məsələn, biz deyirik ki, münaqişə yoxdur və o, artıq həll olub. Bəs onda sülhməramlılar niyə lazımıdır? Bir–iki ildən sonra onların bölgəni tərk etməsi və öz yerini Azərbaycanın silahlı birləşmələrinə verməsi daha düzgün olmazdımı?.. 

Yaxud Ermənistanla sülh sazişinin imzalanmasından danışırıq. Bunun özü o demək deyilmi ki, Noyabr və Yanvar razılaşmalarında heç də bütün məqamlar nəzərdə tutulmayıb?..

Bütün bu suallar cavabını gözləyir. Amma Minsk Qrupu ilə yetər! Otuz illik təcrübə çox şey deməkdir. Otuz il suyu bulandırmaqla məşğul oldu bu qurum! Artıq yetər! Bu adamlar otuz ildə özlərinin bazis prinsiplərini müəyyən edə, münaqişəni hansı bazis, hansı çərçivə əsasında çözəcəklərini müəyyən edə bilmədilər. Beynəlxalq hüquq, BMT TŞ-nın dörd qətnaməsi bunlar üçün əsas olmadı. Bu yaxınlarda onların səfirlərinin Şuşaya getməkdən imtina etməsi də hazırkı sülh prosesinə münasibətlərinin təzahürüdür...