Azərbaycan Prezidenti İlham Əliyev Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, sərəncamda bildirilib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Quba rayonunda sosialyönümlü bir sıra mühüm layihələr həyata keçirilib, o cümlədən "ASAN Həyat” Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Bayraq Muzeyi, "Yaşıl teatr”, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası inşa edilib, xalçaçılıq müəssisəsi yaradılmış, ən müasir tələblərə cavab verən turizm obyektləri, təhsil ocaqları istifadəyə verilib. Bununla yanaşı, Quba şəhərinin su təchizatı sistemi yenidən qurulub, "Şahdağ” Elektrik Stansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sənəddə qeyd olunub ki, Quba şəhərində 32 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
Şərhlər