Xəbər lenti

Partiya lideri Milli Şuradan getdi
Siyasət 13:45 24.07.2013

Partiya lideri Milli Şuradan getdi

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov Demokratik Qüvvələrin Milli Şurasının və özünün prezident seçkisində iştirakı ilə bağlı bəyanatla çıxış edib. 

Onun bəyanatını vəkil Anar Qasımlı təqdim edib.

Mövsüm Səmədovun bəyanatında bildirilir: “Seçki öncəsi dövrdə Milli Şura adlı qurumun yaranması, onun ətrafında müxtəlif siyasi partiyaların, cərəyanların rəhbərlərinin yığılması və vahid namizədlə təmsil olunması sevindirici haldır. Təəssüf ki, son 20 ildə belə birlik müşahidə olunmayıb.

Milli Şura nə vaxtadək Azərbaycan xalqının maraqlarına münasib nəzəri və praktik addımlar atacaqsa, biz onu dəstəkləyəcəyik. Azərbaycanda ilk yaranmış və qeydiyyatdan keçmiş və 20 il ərzində xalqımızın ictimai-siyasi səhnəsində müxtəlif mübarizələrdən alnıaçıq çıxmış, bu yolda zindanlarda əsir və şəhadət şərbətini içmiş siyasi partiya kimi Azərbaycan İslam Partiyasının bu hadisələrə münasibəti birmənalıdır.

AİP daha çox layiqdir ki, xalqın problemlərinin həllində öz missiyasını həyata keçirmək üçün xalq tərəfindən lazımi həddə dəstəklənsin. İslamın ölkəmizdəki ictimai-siyasi nüfuzundan və ədalət ruhiyyəsindən daim ehtiyatlanan qüvvələrə rəğmən bu gün xalqımız siyasi səhnədə də islami çevrələrin ardınca olmasını kifayət qədər nümayiş etdirib.

Şəxsən mənim Milli Şurada təmsil olunmağım onun fəaliyyətinə təsir etmə nöqteyi-nəzərindən o qədər də məqbul deyil. Çünki zindanda olmağımızla əlaqədar Milli Şuranın işində yaxından iştirakım mümkün deyil. Həm də Azərbaycan İslam Partiyasının seçki şurasında onun bir namizədi kimi iştirak etdiyimizə görə Milli Şurada üzv olmağımızı lazım bilmirik. Hərçənd ki, xalqın xeyrinə atılan addımları, hər hansı qurum tərəfindən atılmış olsa da, xüsusən Milli Şura tərəfindən, dəstəkləməyimiz mümkündür və məqsədəmüvafiqdir.

Mənim seçkilərə namizəd kimi qatılmağım özümün istəyimdən daha çox xalqın istəyidir. Bu baxımdan mən öz namizədliyimin irəli sürülməsinə razı olmuşam və bu siyasi səhnədə nə qədər ki, xalq bizə etimad edəcək, nə qədər ki, qanun çərçivəsində biz bu etimadı lazımınca doğrulda biləcəyik, özümüzü bu vəzifəni daşımağa məsul bilirik. Qarşıda ola biləcək məhdudiyyətlərin müqabilində yaranmış hadisələrdə öz ilahi vəzifəmizə uyğun olaraq addım atacağıq”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->