Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğu üçün polis tərəfindən cərimələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli Əliyev vaksini olmadan noyabrın 25-də saat 20:00 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsi 7 ünvanında yerləşən "Cıdır" restoranında toy mərasiminə qatılıb. Sözügedən restoranda polis tərəfindən aparılan yoxlama zamanı Əli Əliyevin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozması faktı aşkarlanıb.
Nəticədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən Əli Əliyev qanunun tələblərinə uyğun olaraq, 200 AZN cərimə olunaraq, restorandan uzaqlaşdırılıb.
Qeyd edək ki, Əli Əliyev ixtisasca həkimdir. Koronavirusdan qorunmada hər kəsdən əvvəl o insanlara nümunəvi davranış nümayiş etdirməlidir. Təəssüf ki, radikal müxalifətin digər nümayəndələri kimi, Əli Əliyevin də əməli ilə sözləri ziddiyət təşkil edir.
Şərhlər