Dünya 19:12 15.09.2020

Paşayev Yefremovun hökmünə görə zərərçəkənin vəkilini ittiham etdi

Zərər çəkmiş tərəfin vəkili Aleksandr Dobrovinski olmasaydı, sənətçi şərti cəza ala bilərdi.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiyanın tanınmış aktyoru Mixail Yefremovun azərbaycanlı vəkili Elman Paşayev deyib.

Paşayev NSN-də keçirdiyi mətbuat konfransında bildirib ki, bununla belə həmin halda da mərhumun yaxınları təzminat alacaqdılar. Vəkilin sözlərinə görə, Dobrovinski olmasaydı, "xəsarət alan tərəflə məsələlər çoxdan həll ediləcəkdi" və sənətçi "bir il yarımdan iki ilə qədər şərti cəza" alacaqdı.

"Qəza konkret bir cinayətdir və burada bir insanın taleyini yalnız zərərçəkənlər həll edir", - Paşayev deyib. Onun sözlərinə görə, məhz Dobrovinski səbəbindən qəzada qurban olan şəxsin yaxınları təklif olunan təzminatı rədd ediblər.

Xatırladaq ki, vəkil Paşayev bir qədər əvvəl Yefremova verilən hökmü "məhkəmənin qərəzliliyi” ilə izah etmişdi.

Moskvanın Presnenski Məhkəməsi əvvəllər Yefremovu Smolenskaya meydanındakı qəzada Sergey Zaxarovun ölümündə günahkar hesab edərək ümumi rejimli koloniyada 8 il həbs cəzasına məhkum edib.
 
Alpər