Siyasət 11:44 24.11.2022

Paşinyan KTMT-nin sənədini niyə imzalamadı? - Zərdüşt Əlizadənin şərhi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən iclasında Ermənistan təşkilatın bəyannaməsini imzalamaqdan imtina edib. "KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, deyə baş naziri Nikol Paşinyan qeyd edib. 

Bundan başqa, KTMT Ermənistana yardım etməklə bağlı qərar qəbul edib. Qeyd edək ki, son zamanlar İrəvanın Rusiyanın patronajlığı altında olan KTMT-yə inamı itib. Belə ki, İrəvan 44 günlük müharibə zamanı, habelə bu ilin sentyabrın 12-13-də sərhəddə baş verən insidentlə bağlı tutduğu mövqeyinə görə KTMT-ni ittiham edir. Ermənistan təşkilatı həmin hadisələr zamanı İrəvana kömək etməməkdə suçlayır. Bu fonda da təşkilatla İrəvan arasında münasibətlərdə xeyli soyuqluq yaranıb. Paşinyan hökuməti bu müstəvidə üzünü artıq Qərbə çevirir. 
 
Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında bidlirib ki, Paşinyanın bəyannaməni imzalamaqdan imtina etməsi KTMT-nin Ermənistanı daha qətiyyətlə müdafiə etməsinə nail olmaq üçün atdığı şantaj alətidir:



"Ermənistan KTMT-ni özünün təhlükəsizliyinə biganə münasibət bəsləməkdə ittiham edir. Qarabağda müharibə gedəndə İrəvan ümid edirdi ki,  Rusiya öz qoşunları ilə prosesə qarışacaq. Amma Moskva Ermənistana sadəcə silah göndərməklə kifayətləndi. Sonra da müdaxilə edib, Ermənistanın tam olaraq məğlub olmasının qarşısını aldı. Bu ilin sentyabrın 12-13 hadisələri nəticəsində Azərbaycan Ordusunun irəliləməsi fonunda da İrəvan KTMT-dən müdaxilə tələb etdi. Təşkilat isə bunu da etmədi. Ona görə də İrəvanda baş tutan toplantıda Ermənistan demarş edərək, KTMT-nin bəyannaməsini imzalamaqdan imtina edib. Onun ardınca erməni cəmiyyətində KTMT-dən çıxmaqla bağlı fikirlər güclənir. Bu da bir şantaj alətidir. Bu şantajla İrəvan çalışır ki, KTMT daha qətiyyətlə Ermənistanı müdafiə etsin”. 
 
KTMT-nin Ermənistana yardım etməsi ilə bağlı qərara gəlincə, həmsöhbətimiz düşünür ki, qurumun indiki vəziyyətdə İrəvana yardım etmək imkanı yoxdur:

"Çünki Rusiya Ukraynada müharibə aparır, özünün silah və sursata böyük ehtiyacı var. Hərbi sənaye kompleksi isə bu ehtiyacları ödəyə bilmir. Ona görə də öz problemini həll etmədən Ermənistana kömək edəcəkləri ağlabatan deyil. Odur ki, indiki halda silah almaq üçün Ermənistan əsasən Hindistan və Fransaya üz tutub. İrəvan KTMT-dən çıxsa, Fransa və ABŞ ona silah verəcək. Bu barədə KTMT-nin tədbirində qəbil edilən qərara gəlincə, onun icra olunması gözlənilmir. Sadəcə siyasi mənfəət baxımından belə qərar qəbul edilib, amma onun əməli təsiri olmayacaq”. 

Rüfət Sultan