Siyasət 12:46 14.08.2020

Paşinyan ordudakı ərzaq qıtlığı problemini dövlət büdcəsinin kifayət etməməsində görür

Kassa çeklərinin qeydə alınmaması əsgər çörəyini oğurlamaq deməkdir.

"MediaPost”un məlumatına görə, bunu Ermənistan hökumətinin növbəti iclasında baş nazir Nikol Paşinyan deyib. Belə ki, dövlətlə biznes arasında tərəfdaşlıq mövzusuna toxunan baş nazir "kassa çeklərinin qeydə alınmaması əsgər çörəyini oğurlamaq deməkdir. Dediyim söz kiminsə xətrinə dəyməməlidir” deyib. 

Dövlət büdcəsinin formalaşdırılmasında ciddi problemlərin olduğunu bildirən Paşinyan problemin yaranmasının əsas səbəbini sahibkarların vergi ödəməkdən boyun qaçırmasında görür. "Aranızda olanların bir çoxu onlara dövlət büdcəsi hesabına maliyyə yardımı edilməsinə ehtiyac olması ilə bağlı tez-tez müraciət edir. Lakin onların dövlətə vergi ödəməyinə vaxt çatanda, susursunuz. Bundan sonra da mənə narazılıq bildirirsiniz” - o deyib.



Paşinyanın "Ermənistanın dövlət büdcəsinin formalaşdırılması” məsələsini "əsgərlərin çörəyinin əlindən alınması” mövzusu ilə bərabər tutması növbəti populist və vətəndaşların "ürək və beyinləri uğrunda mübarizə” aparmasından başqa bir şey deyil.

Görünür, o, "kimi hansı qiymətə almaq olar?” tipli mövzuları hələ öz jurnalist keçmişində əla oxuyub. Əlbəttə, ordusu bərbad vəziyyətdə olan ölkənin mövcudluğu məsələsi bugünkü gündə ön plana çıxan Ermənistan çox gözəl anlayır ki, onun çirkli oyunlarına vaxtilə tərəfdar çıxan, hərtərəfli dəstək göstərən "dostlarının” sayının günü-gündən azalması Ermənistanı nominal olsa da, müstəqil ölkə kimi mövcudluğunu sual altına qoyur. 



Xatırlayırsınızsa, keçən il Gürcüstanda keçirilmiş erməni-gürcü hüquqşünaslıq sahəsində əməkdaşlıq üzrə forumdakı çıxışında özünü "korrupsiya ilə genetik olaraq bir araya sığışdıra bilməyən siyasətçi, insan və individuum” adlandıran Paşinyan söz vermişdi ki, köhnə və yeni hakimiyyət arasında fərq qoymadan, şəxsən özü Ermənistanı korrupsiyadan təmizləyəcək.      

Qeyd edək ki, dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn Paşinyanın əsas şüarlarından biri məhz korrupsiya ilə mübarizə olmuşdu. Lakin çoxunun ehtimal etdiyi kimi, hakimiyyəti ələ aldıqdan sonra öz xalqına verdiyi bütün vədlər yeni nazirin yadından çıxdı. Bütün qaldırılan cinayət işləri də onun siyasi rəqiblərinə qarşı qaldırılıb.    

Hətta beynəlxalq ekspertlərin fikirlərinə görə, Paşinyan Ermənistanın bütün bədbəxtliklərində ondan əvvəlki, guya korrupsiyada batmış elitanı günahlandırmasına baxmayaraq, Paşinyan özü də yetəri qədər korrupsionerdir. Misal kimi, onun həyat yoldaşı Anna Akopyan ona məxsus olan "Mənim addımım” və "City of smile” fondlarına ianələri Ermənistanın ən korrupsioner şəxsləri olan, SAS supermarketlər şəbəkəsinin sahibi və "SAS” Artak kimi tanınan Artak Sarkisyan və Ermənistanın ərzaq bazarında əsas monopolist olan Samvel Aleksanyandan qəbul edir. Bununla yanaşı, hakimiyyətdə olduğu iki il ərzində keçirilmiş siyasi islahatlar Paşinyanın səlahiyyətlərinin artırılmasına və daha çox hakimiyyətə sahib olmasına gətirib çıxarıb. Hətta Ermənistanın dostu olan ABŞ bu haqda öz narazılığını dəfələrlə bildirib. 



Əsgər çörəyi ilə dövlət büdcəsini bir pilləyə qoyan, özünün günahsız olduğunu bəyan edən Paşinyana bir-iki məsləhətimiz var:

1. Nikol Vovayeviç, sən bu tipli bəyanatlar verən birinci şəxs deyilsən. Sənin kimi populist çıxışlar edən bir sıra ölkələrin dövlət başçılarının aqibəti bəllidir: onlar şələ-şüləsini yığaraq ölkəni tərk ediblər.

2. Dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn sənin kimi inqilabçı yalançılar törətdiklərinin ucbatından heç öz ölkələrinə qayıda bilmirlər. Çünki ölkəyə qayıtmaq birbaşa həbsxanaya - dəmir barmaqlıqların arxasına getmək deməkdir.

3. Sorosun dəstəyi ilə "məxməri inqilabçı” Paşinyanın da o biri "sorosçular” kimi əsas şüarı məhz "korrupsiya ilə mübarizə” olmuşdu. Lakin şüar yalnız sözdə qalıb.

4. Hakimiyyətə gələndən sonra keçirtdiyin islahatlardan hətta öz xalqın məəttəl qalıb. Ermənistan ərazisində fəaliyyət göstərən və xaricdən maliyyələşən xarici fond və ictimai təşkilatlar sanki yağışdan sonra göbələk kimi çoxalır. 

Nəticə etibarı ilə, yoldaş jurnalist, ya reallığa başqa gözlə baxaraq öz səhvlərini düzəlt, ya da özünə gələcəkdə yaşamaq üçün başqa bir ölkəni indidən seç. Əks halda, öz zəif ordunun əsgərlərindən başqalarının əli ilə oğurladığın çörək sənin özünün boğazında qalacaq.