Siyasət 12:27 23.10.2020

Paşinyanın “diplomatik həll yoxdur” açıqlamasının pərdəarxası... (ŞƏRH)

"Paşinyanın "diplomatik həll yoxdur” açıqlaması əslində Ermənistanın necə çarəsiz vəziyyətə düşməsinin sübutudur”.


BunuQaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağın indiki durumda diplomatik həlli yoxdur” fikirini şərh edərkən deyib. O bildirib ki, Paşinyan sona kimi savaşacağını qeyd edib:

 

"Paşinyanın "konfliktin hazırkı mərhələsində diplomatik həll variantı yoxdur” cümləsinin açıqlaması odur ki, Azərbaycanın dayanmaq, bizimlə razılaşmaq, bizim şərtlərimizlə razılaşmaq fikri yoxdur deməkdir. Digər tərəfdən Paşinyan deməyə çalışır ki, biz də bununla razılaşmırıq, ona görə də savaşacağıq. Baxın, Paşinyan savaşın başlanğıcından indiyə qədər hədər yerə "bu, bizim üçün növbəti Sərdərabad döyüşüdür” ifadəsini işlətmir. Bu, özlüyündə çox önəmli bir məqamdır. Yəni, indiyə qədər ermənilərə təbliğ edilən tarixə görə Sərdərabad döyüşü millətin və dövlətin ölüm-qalımı üçün son döyüşdür. Bir sözlə, Paşinyan ilk gündən etibarən Azərbaycan qarşısında böyük itkilər verəcəyini və geri çəkilmək məcburiyyətində qalacağını bilirdi. Yəni adam öz ölkəsinin potensialına bələd idi. Məhz belə gediş etməklə o, heç olmasa, ermənilərin meydandan dərhal çəkilməməsinə imkan yaratdı. Bu isə əhalini bilərəkdən qırğına göndərmək demək idi”.

 

Analitikin fikrincə, Paşinyan bu açıqlamanı verməklə həm də özünü qorumağa çalışır:

 

"Yəni, Sərdərabad deyərək, əhalini qırğına göndərən ölkə başçısı bilir ki, Qarabağda savaşmadan bir addım geri çəkilmək onun hakimiyyəti üçün birbaşa təhlükədir. Buna görə də özünü maksimum qorumağa çalışır. Bununla belə, Paşinyan həm də görüntü yaratmağa çalışır. Yəni, xalqına təlqin eləməyə çalışır ki, biz təkik, biz eyni zamanda guya bir neçə düşmənə qarşı mübarizə aparırıq. Məğlubiyyətinin bütün səbəbi kimi məhz bunu göstərməyə çalışır. Nikol bilir ki, Qarabağ itəcəyi halda onun üçün çox ağır situasiya yaranacaq, ona görə də indidən dayaqlarını gücləndirmək və günah keçisi tapmaq üçün zəmin hazırlayır”.

 

İlkin Həsənli qeyd edib ki, Paşinyan belə açıqlamanı verərkən həm də kiməsə güvənərək danışıb:


"Bu qədər şəxsi heyət və mövqe itkisinə məruz qalan heç kim arxasında kimsə olmadan belə cəsarətlə danışa bilməz. Görünən odur ki, Paşinyan hansısa vəd alıb və bu vədin yerinə yetiriləcəyini gözləyir. Vəd nə ola bilər? Onu demək çətindir, amma bu, yəqin ki, hansısa formada Azərbaycana təzyiqin gücləndirilməsi və ya qeyri-rəsmi hərbi dəstək (muzdluların gəlməsi) də ola bilər. Ya da Paşinyan ümid edir ki, qış gələcək və Azərbaycan çətin relyefdə əməliyyatları dayandırmalı olacaq. Digər tərəfdən Paşinyanın bu açıqlamanı verdiyi fona diqqət edin. Bu açıqlama Ermənistan hakimiyyətinin eks-liderlərlə müştərək idarə edilməsi, eləcə də həm Ermənistan, həm də qondarma rejimin eks-liderlərinin görüşü fonunda verilir. Görünən odur ki, Paşinyan hakimiyyəti heç bir halda eks-liderlərlə barışmaq fikrində deyil. Əgər buna getsə, bu o deməkdir ki, indiyə qədər o liderlər sırasına daxil olan Köçəryan və Sərkisyana qarşı tutduğu mövqe yanlış olub. Bu isə onun nüfuzunun tam məhv olması və Qarabağın itirilməsinin əsas günahkarı kimi təqdim olunması anlamına gəlir”.

 

İlkin Həsənli sonda bildirib ki, savaş tam bitsə belə, Ermənistan daxilində gərginlik səngiməyəcək:


"Bunu isə Ermənistandakı siyasi meydanın bütün nümayəndələri yaxşı görürlər. Ona görə də hər kəs indidən öz mövqeyini gücləndirməyə çalışır. Köçəryan Paşinyanı yanlış addımlarda, Sərkisyan Paşinyanı danışıqları doğru apara bilməməkdə, Paşinyan keçmişdəkilərin ordunu pis vəziyyətə qoyub, Ermənistanı çətin vəziyyətə salmaqda, Levon Ter-Petrosyan isə 23 illik proqnozlarının reallaşdığını deyərək, hər kəsi satqınçılıqda ittiham etməyə hazırlaşır. Bir müddət səngiyən gərginliklər artıq yenidən boy göstərməyə başlayır və bu da tezliklə özünü aydın şəkildə nümayiş etdirəcək. Bir sözlə, Qarabağda Azərbaycan ordusu tam qələbə qazansa, Ermənistanı heç bir şok terapiyası-filan gözləmir. Əksinə, bu ölkəni gözləyən hələ uzun müddət davam edəcək depressiyadır”.

 

Qeyd edək ki, Ermənistan prezidenti Nikol Paşinyan mətbuata açıqlamasında "Qarabağın indiki durumda diplomatik həlli yoxdur”, - deyə bildirib.


Bahar Rüstəmli