Dünya 15:11 24.06.2021

Paşinyanın təklifinin arxasında hansı məqsəd dayanır? (ŞƏRH)

"Bu hiyləgər addımdır və Paşinyan hökumətinin rahat nəfəs almasına xidmət edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistandakı seçkilərdə qalib gələn Nikol Paşinyanın məğlub olan rəqib partiya liderlərini əhatə edəcək parlamentdənkənar bir strukturun yaradılması təklifinin arxasında hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən deyib. Politoloq bildirib ki, Paşinyanın bu açıqlaması əslində seçkidə qalib gəlməsindən sonra verdiyi ilk açıqlamasına uyğun bir davranışdır: 



"O, bütün cəmiyyətin birləşməsinin vacib olduğunu elan etmişdi. Bu kontekstdə bütün siyasi güc mərkəzlərinin bir strukturda birləşməsini istəməsi normal olduğu qədər, həm də Paşinyan hakimiyyətinin rahat nəfəs almasına və Ermənistanla bağlı proqramların həyata keçməsinə yol açmağa hesablanıb. Revanşist "Qarabağ klanı” hələ də Paşinyan hökuməti üçün təhlükələr yaratmaqdadır. Onlar etiraz mitinqləri, hərbi təxribatlar, hətta sui-qəsdlər də törədə bilərlər. Yəni həmin qüvvələr mövcud vəziyyətlə belə asanlıqla barışan deyillər”. 

Politoloqun fikrincə, düşmənçilik münasibətinin erməni toplumunda geniş yayılmasının qarşısını almaq üçün Paşinyan doğru hədəfdədir: 

"Siyasi güc mərkəzlərini bir strukturda birləşdirməklə onların dövlətin fəaliyyət proqramlarında iştirakını təmin edəcək. Dolayısı ilə həm də müəyyən mənada hökumətə dəstək qazanacaq. Belədə bu vəziyyət vacib strateji qərarların verilməsi və həyata keçməsində Paşinyana ciddi şərait yaradacaq”. 

N. Miri düşünür ki, Paşinyan bu istəyinə nail olsa, düşmən mövqedə olan rusiyayönümlü siyasi güc mərkəzlərini zərərsizləşdirməyə nail olacaq: 

"Çünki atılan addım müəyyən mənada erməni cəmiyyətinin konsolidasiyasına gətirib çıxaracaq. Bu isə qeyri-iradi olaraq "Qarabağ klanı”nın zərərsizləşdirilməsilə nəticələnəcək”.

Rüfət Sultan