Elə peşələr var ki, bu günə qədər çoxlarımız bu haqda heçnə bilmirik. Müasir dövrümüzdə, komputer əsrində hələ də sənədlərin işlənməsi və tikilərək toplanması işini görən insanlar var.
Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, Qax rayonunda yaşayan yaşlı bir insan rayonda fəaliyyət göstərən bütün idarə və müəssisələrin arxiv sənədlərini tikir.
Ömrünün 30 ilini Qax rayonunun idarə və müəssisələrinin sənəd işlərinə həsr edən 80 yaşlı Sabir Mehdiyev bu peşəsi ilə hər kəsin yanında hörmət qazanıb. Hər gün səhər erkəndən sənəti ilə eyni yaşda olan çemodanını da qoltuğuna vurub yollanır dəvət aldığı idarələrə. Orada ona heç də hər kəsin bacara bilmədiyi bir iş tapşırılır. Müəssisənin rüblük və illik sənədlərini bir araya toplayaraq tikmək.
Sabir Mehdiyev – sənətkar: "Əvvəl tikirəm, sonra üzlüyüb üzləməməyi soruşuram. Üzlük çəkəndə yaxşı olur. Kənarı parça olur, üzərində oboy vururam”.
Sabir baba bu peşəni uzun illər öncə yaxın qohumundan öyrənib. Həmin vaxt tikdiyi sənədlər yaxşı alınmayıb və hətta o, bu işi yarımçıq saxlamaq istəyib. Hər sənəd işlərini tək-tək sıra sayları pozulmamaq şərtilə yığaraq cəmləyən və bir-neçə proses nəticəsində tikməyə başlayan Sabir baba bildirir ki, Qax rayonunda yeganə mütəxəssisdir. İtib-batmaqda olan bu peşəni isə hələ ki, davam etdirən yoxdur. Bu işdə göz nurunun, səbrin və dəqiqliyin rol oynadığını söyləyən qəhrəmanımız peşəsini sevdiyini vurğulayır.
Sabir Mehdiyev – sənətkar: "Əmim oğlundan öyrəndim bu sənəti. Səhvlərimi düzəldə-düzəldə öyrəndim. Sonra kardon, ip aldım material yığdım başladım tikməyə”.
Qaxda fəaliyyət göstərən idarə və müəssisələrin mühasibləri Sabir dayını daha yaxşı tanıyırlar. Onlar yaşlı mütəxəssisi mühasiblərin köməkçisi adlandırırlar.
Ruqiyyə Bilalova – mühasib: "Əvvəllər də mədəniyyət sahəsində işləyəndə də Sabir dayıya müraciət etmişik. Gəlib işlərimizi səliqə ilə tikir. Bu sənədin tikilməsi həm biz mühasiblərin xeyrinədi, həm də yoxlama gələndə rahat şəkildə baxmağa kömək edir”.
Peşəsindən asılı olmayaraq, öz işinə aşiq olan, ona hörmət bəsləyən insanlar hər kəs tərəfindən həmişə sevilir. 80 yaşında canında can tapan Sabir baba kimi peşəkarlara isə, bizdən can sağlığı arzulamaq düşər...
Şərhlər