"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhid anaları və şəhid xanımlarının qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin ailəsinə ziyarətini təşkil edib. Bu ziyarətdə şəhid ailələrini Modern.az-ın əməkdaşı da müşayiət edib.
Rəşad Atakişiyevin ailəsini şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova (İctimai birliyin sədri), şəhid pilot, mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Aprel şəhidləri Mahir Quliyevin anası Lalə Quliyeva və Müşviq Orucovun anası Aygün Orucova ziyarət edib.
Ziyarətçiləri mərhum pilotun anası Tatyana xanım və bibisi qarşıladı. Ananın qəlbindəki yanğı gözlərindən oxunurdu. Milliyətcə rus olan Tatyana Atakişiyeva bütün Azərbaycan əsgərlərinə dua edib, Allahdan onları qorumasını istədi.
Rəşadın yaşadığı mənzilə daxil oluruq... Həyat yoldaşı Könül xanımı ovuda bilmirlər... O, ziyarətçiləri göz yaşları içində qarşıladı.
Aprel şəhidi Urfan Vəlizadənin həyat yoldaşı özünü təqdim edəndən sonra iki pilot xanımı eyni dərdlə bir-birlərinə sarıldılar... Bu məqamda onları bir-birlərindən başqa heç kəs yaxşı başa düşə bilməzdi...
"Sən necə dözmüsən, necə ayaqda qalmısan?!” - deyən Könül Atakişiyeva sual dolu baxışlarla Könül Vəlizadəyə müraciət etdi...
Sonrada övladları qarşısında düşdüyü vəziyyəti anlatmağa çalışdı... Könül Atakişiyeva övladlarına atalarının Suriyaya getdiyini və bir gün geri dönəcəyini deyib. Pilotun 7 yaşlı oğlunun gözləri iyulun 24-dən yol çəkir, "ana, atama zəng elə, onun üçün darıxmışam, səsini eşitmək istəyirəm” deyir. İndi ana oğluna atasının getdiyi yoldan bir daha geri dönməyəcəyini necə deyəcəyini bilmir.
Könül xanım Urfan Vəlizadənin həyat yoldaşına dayanmadan eyni sualı verirdi: "Mən necə deyəcəm oğluma, necə başa salacam? Sən necə dedin?”
Əslində bəlkə də Rəşad Atakişiyevin oğlu olanları dərk edib. Məlum oldu ki. uşağı bir neçə gündür ev gətirmirlər ki, yas yerinə gələn insanları görüb atasının həlak olmasından duyuq düşməsin.
Şəhid pilotun xanımı:
"Təyyarə qəzaya uğrayandan sonra, Rəşadın nəşi tapılmazdan öncə bizə gəlib başsağlığı verirdilər, amma biz qəbul etmirdik. Biz onun dönəcəyinə ümid edirdik. Axı Rəşad hər gün xidməti yerinə gedir və sonda evinə dönürdü. Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız gerçəkləşmədi”.
Rəşadın qaynanası Məhbubə xanım:
"Nəvələrim üçün narahatam. Atalarının yoxluğunu onlara desək, psixologiyasına çox pis təsir edəcək. Gözləyirik, bəlkə yavaş-yavaş atalarının yoxluğuna alışarlar. Bəlkə onda deyə bildik”.
Pilotun ailə üzvləri ilə görüşdən sonra şəhid anaları və xanımları II Fəxri Xiyabana gedib Rəşad Atakişiyevin məzarını ziyarət etdilər…
Arayış: Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. "Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib.
R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötən ilki Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.
Rəşad Atakişiyevin 2 oğul övladı var. Birinin 3, digərinin 7 yaşı var.
Rəşadın hərbidən ehtiyata buraxılmasına 3 il qalmışdı, amma əcəl imkan vermədi…
Şərhlər