Video 15:42 09.07.2019

Piyadaların canını alan “qıl körpüsü” (VİDEO)

Ərazidə avtobus dayanacağı var, lakin bir dənə də olsa nə yeraltı, nə də yerüstü piyada keçidi nəzərdə tutulmayıb. Nəzərə alsaq ki, yolda maksimal sürət saatda 120 km-dir, deməli burada piyadaların yolun bir hissəsindən digərinə keçməsi təhlükəlidir.

ARB TV xəbər verir ki, buna baxmayaraq ərazidə şərait olmadığından piyadalar həyatlarını təhlükəyə ataraq yolun bir hissəsindən digərinə keçməli olur. 

Sakin: "Dayanacaq qoyursansa piyada keçidi də qoymalısan, burdan belə yoxdu piyada keçidi”.

Sakin: "Uşaqlarımız dərsə gedəndə keçə bilmirlər buradan, bazara marketlərə gedə bilmirik”.

Söhbət Bilgəh-Buzovna yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsindən gedir. Başqa sözlə, piyadaların tez-tez avtomobillərə tuş gələrək faciəli şəkildə can verdikləri sürətli yoldan. Çəkiliş zamanı sözügedən magistralın bir başından, o biri başına qədər olan məsafədə bütün yaşananları olduğu kimi lentə almağa çalışdıq. Yolun əksər hissələrində demək olar eyni vəziyyət hökm sürürdü. Avtobusdan enərək magistralın əks tərəfinə keçmək istəyən insanların əlləri göydə, dilləri duada, gözləri yolda qalır.

Sakin: "Çox hadisələr olub,neçə nəfər adam ölüb, buradan keçəndə yaralanıb”

Sakin: "Mən aşağısı on ildir burada yaşayıram on ildir eyni vəziyyətdir, on ildə kim bilir neçə nəfər insanın canı keçib burada”.

Ərazidə olduğumuz müddət bir maraqlı məqam da diqqətimizi çəkdi, deməli magistral yolu iki hissəyə ayıran dəmir məhəccərlər sonradan piyadaların rahat keçməsi üçün kəsilib, lakin həmin hissədə avtomobillər üçün heç bir xəbərdaredici yol nişanı qoyulmayıb. Təbii ki, bu vəziyyət piyadaların həyatı təhlükəsini daha da artırır.

Əslində bir piyada keçidi inşa edilir. Amma adamın "ərazidə" sözünü işlətməyə dili gəlmir. Çünki tikintisi aparılan bu keçidlə sakinlərin "qıl körpüsü" adlandırdığı yer arasında məsafə 2 km-di. Amma belə yerlərin sayı bir deyil, iki deyil.

Mais Ağayev – BNA-nin mətbuat katibi: "Qeyd etdiyiniz ərazidə baxış keçiriləcək, təhlillər aparılacaq. Bizim üçün önəmli olan piyadaların təhlükəsizliyinin təmin olunmasıdır.Baxış keçiriləcək, əgər piyadaların təhlükəsizliyi baxımından orada içtimai nəqliyyatdan istifadə edən sərnişinlərin narahatlığını doğuran hər hansı bir məqam varsa, təbii ki, bu məqam da qısa müddətdə müvaffiq tədbirlər görməklə aradan qaldırılacaqdır”.

Mais Ağayev onu da bildirdi ki, hazırda Bakı şəhəri üzrə sözügedən problem ümumilikdə 41 yerdə mövcuddur. Artıq onlardan 19-nun həlli üçün təkliflər verilib və razılıq da əldə olunub. Yəni yaxın vaxtlarda həmin ərazilərdə piyadaların rahat hərəkətini təmin etmək üçün keçidlər inşa ediləcək. Hazırda inşaası aparılan layihə tamamlandıqdan sonra mərhələli şəkildə qalan digər yerlərdə də problem həllini tapacaq.