Xəbər lenti

Ekonomiks 12:02 17.04.2013

«Pizza İnn»ə qadağa

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki tənzimləmə və standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri Fəvvarələr meydanı, 8 ünvanında «Pizza İnn» adı ilə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində dövlət nəzarəti tədbirləri keçirilib.

Komitədən Qaynar.info-ya verilən məlumata görə, araşdırma zamanı müəssisədə yararlılıq müddəti bitmiş 4 ədəd Türkiyə istehsalı olan 350 qramlıq «Pinar» nişanlı «manqal sucuk» və  2 kq xarab olmuş mal əti aşkarlanıb. Bununla bağlı dərhal akt tərtib edilib və məhsulların istifadəsinə qadağa qoyulub.

Həmçinin müəyyən olunub ki, müəssisədə istehsal olunan biskvitli-kremli tort və pirojnaların gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan istehsal olunur. Habelə müəssisədə məhsulların saxlanma şəraitinə nəzarət olunmadığı aşkarlanıb. Belə ki, məhsulların  saxlanma rejimləri müxtəlif olsa da, onlar eyni şəraitdə saxlanılır, soyuducu kamerada məhsulların saxlanması zamanı mal qonşuluğu prinsipləri gözlənilmir, ət, balıq, ət qiyməsi ilə yanaşı pendir, tortlar, tortlar üçün kremlər saxlanılır. «Bişirilmiş və çalınmış qaymaqla hazırlanan kremlər və bu kremlərlə hazırlanan biskvitli-kremli tort və pirojnaların normativ sənədlər üzrə saxlanma müddəti cəmi 6 saat olduğu halda, bu məhsulların daha artıq müddətdə saxlanıldığı da aşkarlanıb», - deyə məlumatda bildirilir.

Bu və digər nöqsanlarla əlaqədar olaraq, fiziki şəxs Natiq Qədirova pozuntuların mayın 12-dək aradan qaldırılması barədə iradnamə, müəssisədə biskvitli-kremli tort və pirojnaların istehsalı və satışının qadağan edilməsi barədə tələbnamə verilib.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?